"Püşkatma zamanı bu mərhələyə qədər gəlib-gəlməyəcəyimiz bəlli deyildi. Amma indi ümidlərimiz hələ də qalır. Halbuki Slovakiyaya qalib gəlsəydik, final mərhələsinə vəsiqə şansımız 85% olacaqdı". Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsinə uğrulu başlanğıc etməsinə baxmayaraq, bunun davamını gətirə bilməyən macarların hələ də ilk iki yerdən birini tutmaq şansı var. Rossi Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar öncəsi yerli mətbuata şanslarını dəyərləndirib.

İtaliyalı mütəxəssis Splitdəki görüşdə Xorvatiyaya qalib gələcəklərinə dair söz verməyib: "Slovakiyaya son məğlubiyyətə hələ də üzülürük. çünki buna layiq oyun göstərməmişdik. Qarşıdakı rəqib Xorvatiya isə hadir hallarda uğursuz çıxış edən komandadı. Splitdəki görüşə mükəmməl hazırlaşmalı, güclü rəqib önündə tab gətirməliyik. Qorxmamalı, cəzarətli olmalıyıq. Onlar üzərində mart ayındakı qələbə bir tarixdi. Real danışmaq lazımdı. Xorvatiyanı ikinci dəfə məğlub etmək üçün Splitə getdiyimizi deyə bilmərik. Dünya ikincisinə qarşı hörmətlə yanaşmaq məcburiyyətindəyik".

Rossi millimizlə ev oyununa da münasibət bildirib. O, həmin qarşılaşmada 3 xalı hədəflədiklərini vurğulayıb: "Nə qədər qəribə səslənsə də, Azərbaycanla oyunun Xorvatiyaya qarşı matçdan daha ağır olacağını istisna etmirəm. Final mərhələsi şansımızı qorumaq üçün Azərbaycanı mütləq məğlub etməliyik. Püşkatmadan dərhal sonra demişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz, onlar qrupda inamlı şəkildə duruş gətirəcəklər. Azərbaycanın sentyabrdakı iki oyunu xoş sözlərə layiqdi. Onlara qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına şübhə etmirəm. ümumiyyətlə, Xorvatiyadakı nəticədən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik. Xorvatiya və Azərbaycanla, daha sonra isə Uelslə görüşdə ən yaxşı nəticəni qazanmağa çalışacağıq. Lakin bu 3 rəqibin hamısına qalib gələcəyimizi söyləyəcək qədər dəli deyiləm. Seçmə mərhələnin sonuna yaxın Avropa çempionatına vəsiqə üçün mübarizə apardığımızdan danışmaq xoşdu. Unutmayaq ki, Macarıstan 4-cü səbətdən çıxıb".

Qeyd edək ki, oktyabrın 10-da Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra millimizi qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest