Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığması ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya ilə dünənki qarşılaşmada britaniyalıların iki oyunçusu zədələnib.
Belə ki, yarımmüdafiəçi Harri Uilson və hücumçu Qaret Beyl xəsarət alıb. Uilson rəqibin kapitanı Luka Modriçlə toqquşaraq, həm özü zədələnib, həm də rəqibi sıradan çıxarıb. Nəticədə Modriç 90-cı dəqiqədə əvəzlənib və meydanı axsayaraq tərk edib.
Son dəqiqələrdə kapitan Qaret Beyl də epizodların birində zədə alıb. Lakin baş məşqçi əvəzləmə limitini doldurduğundan, ulduz futbolçu sona qədər mübarizəni davam etdirməli olub.
Həm Uilson, həm Beyl, həm də xorvatların yarımmüdafiəçi Luka Modriçin durumu barədə hələ dəqiq məlumat verilməyib. Ancaq hər üç oyunçunun bir müddət sıradan çıxması istisna edilmir. Beylin zədəsinin ciddi olduğu aşkarlansa, futbolçu seçmə mərhələnin növbəti turunda Azərbaycan millisi ilə qarşılaşmanı buraxa bilər.
Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən Uels - Xorvatiya qarşılaşmasında sarı vərəqə alan birincilərin yarımmüdafiəçisi Co Allen cəzalı duruma düşdüyündən, noyabrın 16-da yığmamızla Bakıdakı oyunu buraxacaq.