"Slovakiya və Xorvatiya ilə oyunlar seçmə mərhələdəki ən yaxşı çıxışlarımız idi. çox səliqəli oynadıq, əsl kollektiv kimi mübarizə apardıq". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının müdafiəçisi Ben Deyvis deyib.

Azərbaycan millisi ilə eyni qrupda yer alan britaniyalılar AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiya, evdə isə Xorvatiya ilə 1:1 hesablı bərabərə qalaraq, final mərhələsi şansını davam etdirib.

26 yaşlı sol cinah oyunçusu bu nəticələrin onları ümidləndirdiyini söyləyib: "Bizi məğlub etmək çətindi və hədəfimiz də ortadadı. Bəzən yavaşlamaq, yaxşı təşkilatlanmaq və lazım gələndə bütün komanda ilə müdafiə olunmaq lazımdı. Geridə qalan iki oyun bütün bunların bizdə yaxşı alındığını göstərdi. Final mərhələsinə vəsiqə şansını davam etdirmək baxımından bu ay keçirilən oyunlar bizi ümidləndirdi. Xüsusən də, Xorvatiyaya uduzmamaq çox önəmli oldu".

Uels Avropa çempionatına vəsiqə qazanmaq üçün noyabrda baş tutacaq hər iki matçda qələbə qazanmalı və Slovakiyanın bir görüşdə büdrəməsinə ümid etməlidi. Ben Deyvis bunun baş verəcəyinə inanır: "Seçmə mərhələyə Azərbaycan və Macarıstana qarşı oyunlarla son qoyacağıq. Həmin görüşlərdə nə etmək lazım olduğunu bilirik. Yeganə məqsəd 6 xal toplamaqdı. ümid edirəm ki, öz işimizin öhdəsindən gələ biləcəyik. Azərbaycan insanların düşündüyündən güclü komandadı. Bizim üçün çətin səfər olacaq".

Qeyd edək ki, Uels qrupda növbəti oyununu noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest