15 Oktyabr 2019, 19:21
AVRO-2024
UEFA Türkiyə milli komandasının futbolçularının Albaniya və Fransa yışmaları ilə oyunda vurulan qollardan sonra əsgər salamı verməsi ilə bağlı araşdırma aparacaq. Matc.az xəbər verir ki, buna Aç-2020-nin seçmə mərhələsinin Albaniya ilə ev oyunundakı (1:0) qələbə, Fransa ilə səfər matçındakı (1:1) bərabərlik qolunun belə qeyd edilməsi səbəb olub.
Türkiyə mətbuatının yazdığına görə, UEFA bu məsələyə Fransa və Almaniyanın şikayətindən sonra baxmaq zərurəti duyub. Halbuki, Albaniya ilə oyundan sonra qitə futbol qurumu bu məsələ ilə bağlı intizam işi açılmadığını bəyan etmişdi.
Qeyd edək ki, qardaş ölkə futbolçuları Türkiyənin Suriya YPG/PKK terroçularına qarşı hərbi əməliyyatlara dəstək nümayiş etdirib. Amma onların bu əsgər salamı bir sıra Avropa ölkələri tərəfindən etirazlarla qarşılanmaqdadı.
UEFA reqlamentinə əsasən siyasi, ideoloji, dini əsaslara söykənən, həmçinin təhqiramiz hərəkətlər qadağandı. Bu səbəbdən Türkiyə Futbol Federasiyasına intizam sanksiyaları tətbiq edilə bilər.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində "Düdelanj" (Lüksemburq) – "Qarabağ" (Azərbaycan) matçında separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilsə də, UEFA hələ də buna rəsmi münasibət bildirməyib. Halbuki şotlandiyalı baş hakim Con Biton oyunu belə dayandırmışdı.