AVRO-2020-nin seçmə mərhələsində bu ay Slovakiya və Xorvatiya ilə bərabərə qalan Uels yığması sona 2 tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Matc.az saytının məlumatına görə, bu xal itkilərindən sonra britaniyalıların final mərhələsinə vəsiqə şansı öz əlində deyil.
Belə ki, Rayan Giqqzin yetirmələrinin son iki matçda Azərbaycan və Macarıstan üzərində qələbəsi belə, onlara yetməyə bilər. Belədə hər şey Slovakiyanın göstərəcəyi nəticələrdən asılı olacaq.
Komandalarının qrup ikinciliyini tutmaq şanslarını dəyərləndirən Uels mətbuatı müxtəlif variantlarla bunu izah etməyə çalışıb. Həmkarlarımız bu baxımdan Xorvatiya və Azərbaycandan imdad diləyiblər: "Seçmə mərhələnin gələn aykı oyunlarında qələbə qazanmaq mütləqdi. Bu baş verərsə, rəqiblərdən Macarıstan sıradan çıxmış olacaq. Belədə yalnız Slovakiyanın büdrəməsinə ümid etmək qalır. Xorvatiya istənilən halda Avropa çempionatına yollanacaq. Ancaq onların Slovakiyadan xal alması bizim yolumuzu açar. Əks təqdirdə, ən yaxşı halda 3-cü yeri tutarıq ki, bu da heç bir işə yaramaz. Əgər Slovakiya xorvatlara qalib gəlsə, bu dəfə son ümid yerimiz Azərbaycan olacaq. Hərçənd Bakıda böyük hesabla məğlub olan Azərbaycanın bu baxımdan şansı çox deyil".
Qeyd edək ki, hazırda Xorvatiyanın 14, Macarıstanın 12, Slovakiyanın 10, Uelsin isə aktivində 8 xal var. Azərbaycan millisi 6 matçda cəmi 1 xal toplayıb. Xorvatiya və Macarıstanın ehtiyatında 1 oyun qalıbsa, digərləri daha 2 matç keçirəcəklər.