"Millinin son oyunlarına çağırılmamağıma məyus oldum. Yəqin ki, dəvət almayan digər oyunçular da eyni hissi keçirdilər". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının müdafiəçisi Eşli Uilyams deyib.

35 yaşlı futbolçu yığmasının AVRO-2020-nin seçmə mərhələsindəki son oyunlarına dəvət edilməmişdi. O, Slovakiya və Xorvatiya ilə matçlarda iştirak etməsə də, hələ də yığmanın kapitanı olduğunu bildirib: "Futbolda baş verən prosesləri başa düşürəm. Baş məşqçinin istənilən qərarına hörmətlə yanaşmaq lazımdı. Slovakiya və Xorvatiya ilə oyunlarda komandanın kapitanı Qaret Beyl idi. Amma mən hələ də əsas kapitanam".

"Bristol"un futbolçusu yaşının çox olmasına baxmayaraq, Uels millisindən dəvət gözlədiyini əlavə edib: "Milli üçün oynamaq, komandama kömək etmək istəyirəm. Düşünürəm ki, klubumda yaxşı çıxış etsəm, yığmaya da çağırılaram. Milli karyeramı bitirmək hələ müzakirə mövzusu deyil. çünki seçmə mərhələ davam edir. Yalnız qrupdakı matçlar bitdikdən sonra bununla bağlı fikir bildirmək olar. Zamanı gələndə bu barədə ailəmlə, məşqçimlə söhbətim olacaq".

Uilyams gələn ay keçiriləcək son iki görüşlə bağlı fikirlərini də bölüşüb: "Qarşıda iki vacib oyunumuz var, bütün diqqətimi həmin görüşlərə yönəltmişəm. Son 4 matçın çoxunda qələbə qazanmalı idik. Slovakiya və Xorvatiyaya qarşı yaxşı çıxış etsək də, heç-heçə ilə kifayətlənməli olduq. İndi Azərbaycan və Macarıstan üzərində mütləq qələbə qazanmalıyıq. Xüsusən də, Azərbaycana qarşı çətin oyun olacaq. Macarlarla evdə qarşılaşacağıq".

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest