"Mövsümün əvvəlində mənə desəydilər ki, çempionatda 16 oyun, Uels yığmasının heyətində isə 3 matç keçirəcəm, buna inanmazdım". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının yarımmüdafiəçisi Co Morrell deyib.

Bu il Belarusla yoldaşlıq, Slovakiya və Xorvatiya ilə seçmə mərhələ oyununda adalıların formasını geyinmiş 22 yaşlı orta sahə oyunçusu yerli mətbuata təəssüratlarını bölüşüb.

Müqavilə ilə "Bristol Siti"yə məxsus olan və hazırda icarə əsasında "Linkoln Siti"nin formasını geyinən Morrel milliyə dəvət edilməsi barədə danışıb: "Futbolda hadisələr qəribə və sürətli şəkildə cərəyan edir. Yığmaya çağırıldığım üçün ilk növbədə klubuma minnətdaram. Baş məşqçimiz Rayan Giqqz səviyyəsindən asılı olmayaraq, klubunda oynayan futbolçulara üstünlük verir. Şans verildikdə ona nələr edə biləcəyimi göstərmək istəyirəm. Yığmadakı böyük futbolçularla birlikdə məşq etdikdə və oynadıqda özünəinam artır. Xüsusən də, Xorvatiyaya qarşı görüş sanki xəyal idi. Yutubda oyunlarına ən çox baxdığım Luka Modriçlə meydanda üz-üzə gəlirdim. Onunla forma dəyişməyim əla olardı. Ancaq necə yaxınlaşacağımı bilmədim və Modriç Beyllə formasını dəyişdi. Yəqin ki, karyeramın sonunda buna görə təəssüflənəcəm".

Morrell seçmə mərhələnin sonuna 2 tur qalmış qrupda 4-cü pillədə qərarlaşmalarına baxmayaraq, Avropa çempionatına vəsiqə qazanacaqlarına inanır. Ancaq bunun üçün Uels hər iki görüşdə qələbə qazanmalı, Slovakiya isə gələn aykı iki matçdan birində büdrəməlidi: "Məncə, seçmə mərhələnin sonuna iki oyun qalmış bizə hazırkı yerimizi təklif etsəydiniz, əlinizi qoparardıq. Ancaq yenə də şansımızı itirməmişik. Həqiqətən də, çox çətin qrupda yer almışıq. çünki burda Xorvatiya və Slovakiya kimi komandalar var. Qarşıda Azərbaycan və Macarıstana qarşı iki çətin oyunumuz var. Buna baxmayaraq, hədəfə çatmamaq üçün bir səbəb görmürəm. ümidimizi itirməmək üçün son iki görüşdə mütləq 6 xal qazanmalıyıq".

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest