AVRO-2020-nin seçmə qrup mərhələsində son oyunlarını keçirəcək Uels millisinin heyətinin açıqlanacağı tarix müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz Azərbaycan və Macarıstanla qarşılaşmaların heyətini gələn həftə bəyan edəcək.

Britaniya KİV-i gənc mütəxəssisin siyahısının hazır olduğunu vurğulayıb. Sadəcə, sual doğuran bəzi məqamlara görə, çalışdırıcı daha bir neçə gün gözləmək qərarına gəlib. O, xüsusən də, zədəlilərin son durumunu öyrənmək və siyahıdakı oyunçuların həftəsonu çempionat matçlarında göstərəcəyi performansı nəzərdən keçirmək istəyir.

Giqqzi ən çox Qaret Beyl və Aaron Remsinin durumu narahat edir. Bir müddətdi yaşıl meydanlardan uzaq qalan komandanın liderlərinin vəziyyəti hələ də ürəkaçan deyil. Düzdü, Remsi "Yuventus"un son çempionat oyununda 31 dəqiqə meydanda olub. Lakin oyun praktikasından əziyyət çəkməsi baş məşqçini tərəddüd içində qoyur. Beyl isə "Real"da hələ də fərdi məşqlərlə kifayətlənir. Onun sabah "Betis"lə La Liqa matçında iştirak edib-etməyəcəyi Giqqzin qərarına təsir göstərəcək.

Ada təmsilçisinin çalışdırıcısı konkret olaraq noyabrın 5-də yekun heyəti açıqlayacaq. 

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest