02 Noyabr 2019, 18:27
MPL
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib:
- Açığı, hava şəraitinə görə meydanda futbol adına yaxşı nəsə görəcəyimizə elə də inam yox idi. Oyunçularıma sadəcə, mübarizə aparmaq lazım olduğunu bildirmişdim. Kim səhv etsəydi, kim qol vursaydı, bu, həlledici olacaqdı. Düzgün oynamaq lazım idi. Etiraf edim ki, "Səbail" bu gün daha istəkli idi, daha aqressiv görünürdü. Fikrimcə, bu cür havada belə nəticəni qənaətbəxş saymaq olar.
- Bu stadionda 3 oyuna beş xal qazanmısız. Bunu qənaətbəxş hesab etmək olar?
- Təbii ki, daha artığına nail ola bilərdik. Amma bu nəticə də qənaətbəxş sayıla bilər. çünki əksər oyunlarımız səfərdə olur.
- Bu gün paraqvaylı legionerlərinizin oyunu alınmadı. Həm Sezar Meza Kolli, həm də Lorenso Frutos zəif təsir bağışladılar...
- Sezar çox texnikalı futbolçudu. Amma tək o yox, digərləri də istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Bəlkə də Lorenso Azərbaycanda belə hava şətaiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün belə küləyin olması təəccüblüdü. Gələcəyə ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzər alsaq, qış fasiləsinədək hələ 6 oyun var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq.
- Ehtiyat oyunçular skamyanız elə də geniş deyil. Qış fasiləsinə qədər heyətlə bağlı ciddi problemlə üzləşəcəyinizdən qorxmursuz?
- 12 aparıcı futbolçumuz var. Gecə-gündüz yalvarıram ki, onlara heç nə olmasın. İstər-istəməz qalan 6 oyunda hər şey baş verə bilər. Hətta indi oyunu gücləndirəcək futbolçu tapmaqda çətinlik çəkirik. Bu üzdən qış fasiləsində mütləq heyətə bir neçə yeni futbolçu cəlb etməyə çalışacağıq.