"Xorvatiyaya 0:4 hesabı ilə məğlub olduğumuz matçın ertəsi bu oyunu unutmağa çalışdıq". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Stanislav Lobotka deyib.
Slovaklar AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını Xorvatiya və Azərbaycana qarşı keçirəcək. Hər iki qarşılaşmada qələbə qazanacağı təqdirdə, Pavel Hapalın kollektivi digər oyunların nəticəsindən asılı olmayaraq, final mərhələsinə vəsiqə əldə edəcək.
Lobotka sentyabrda evdə Xorvatiyaya böyük hesabla məğlub olduqları görüşdən bəri çox dəyişdiklərini bildirib. "Selta"nın 25 yaşlı oyunçusu bu dəfə fərqli oyun ortaya qoyacaqlarını söyləyib: "Artıq iki aydan çox vaxt keçib. Bu müddətdə oyunumuz da dəyişib. Növbəti döyüşlərə yaxşı hazırlaşdığımızı düşünürəm. Xüsusən də, Xorvatiyaya qarşı oyun performansımızı dəyişməliyik. Hədəf bəllidi və ümid edirəm ki, həm Xorvatiya, həm də Azərbaycanla matçdan qələbə ilə ayrılaraq, arzumuza çatarıq".
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.