Zədəli olduğu üçün Azərbaycan millisinin heyətindən çıxarılan hücumçu Rüfət Dadaşov Almaniyaya qayıdıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 28 yaşlı forvard klubu "Proyssen"in düşərgəsinə qoşulub.
Dadaşov "Bild"ə açıqlamasında baş məşqçi Nikola Yurçeviçlə məsləhətləşdikdən sonra qayıtmaq qərarına gəldiyini bildirib: "Eniş zamanı budumda ağrı hiss etdim. Sonra yığmanın baş məşqçisi Nikola Yurçeviçlə məsləhətləşdik və növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı. Belimdə problemin olmasından şübhələnirik. Bu üzdən hərtərəfli müayinə olunacam. ümid edirəm ki, problem tezliklə aradan qalxacaq".
Yazıda bildirilir ki, Dadaşov yığmada qalıb heç bir perspektiv vəd etməyən Uels və Slovakiya ilə oyunları izləməkdənsə, Münsterə qayıdıb, müalicəyə başlamağı üstün tutub.
Forvardın III Bundesliqanın növbəti turunda "Zviçkau" (23 noyabr) ilə matçda iştirakı sual altındadı.