"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov istefa verib. Matç.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Bildirilir ki, çalışdırıcı səhhəti ilə əlaqədar rəhbərliyə müraciət edib. Yazılanlara görə, Süleymanov Müşahidə Şurasından müqaviləyə xitam verilməsini istəyib. Onun ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və anlaşmaya xitam verilib.

Rəsmi saytda Süleymanovun istefa verdiyi bildirilsə də, rəhbərliyin onun fəaliyyətindən narazı qaldığı sirr deyildi. Bu da səbəbsiz deyil. Belə ki, "gənclik şəhəri" təmsilçisinin cari mövsüm aktivində cəmi 3 qələbə var və komanda autsayderlər zonasına yaxındı.

Əldə etdiyimiz məlumata görə, böyük ehtimalla, Süleymanovu Ayxan Abbasov əvəzləyəcək. "Zirə"nin sabiq çalışdırıcısı ilə danışıqlar müsbət nəticələnmək üzrədi.

Qeyd edək ki, Topaz Premyer Liqasında 11 turda 11 xal toplayan "Sumqayıt" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest