Topaz Premyer Liqasının XI turunda "Neftçi"nin "Zirə" ilə matçda büdrəməsi, "Sabah"ın isə "Səbail"ə məğlub olması "Qəbələ" – "Qarabağ" görüşünün prinsipiallığını daha da artırmışdı. Mərkəzi oyunda qalib gələn tərəf turnir cədvəlində özündən öndə olan rəqibinə yaxınlaşacaqdı.
Qalib heyətdə 1 dəyişiklik
Cəmi 2 gün əvvəl Poltavadan yorğun-arğın dönən "Qarabağ"ın işi ikiqat çətin idi. Ancaq rəqibin iddialı komanda olması və liderin xal itirməsi Qurban Qurbanovu əsas heyət üzvlərini meydana buraxmaq məcburiyyətində qoymuşdu. Düzdü, heyətdə bəzi dəyişikliklər var idi. Ancaq "Vorskla" önündə start heyətində yer alan 5 nəfər bu dəfə də ilk dəqiqələrdən meydanda idi. Ağdamlıların çalışdırıcısı taktiki sxemə yenə sadiq qalmışdı. Yeganə fərq Maksim Medvedevin müdafiənin solunda oynaması idi ki, bu da ilk dəfə deyil.
"Qəbələ"də isə Sənan Qurbanov "Sabah" üzərində qələbə qazanan "11-lik"də cəmi bir dəyişikliyə əl atmışdı. Sabien Lilayın əvəzinə orta sahədə kapitan Cavid Hüseynov meydana çıxmışdı. Qurbanov 4-4-2-yə üstünlük vermişdi ki, bunda məqsəd rəqib önündə üçqat "divar" çəkmək idi. "Qəbələ"nin çalışdırıcısı "Qarabağ"ı irəlidə qarşılamağı və yarımmüdafiədə sıxlıq yaradaraq qonaqların hücum qurmasına mane olmağı planlaşdırırdı.
Yarılmayan üçqat "divar"
İlk dəqiqələr meydan sahiblərinin istədiyi kimi gedirdi. Komanda ön xətdə pressinq tətbiq edərək həm rəqibə mane olur, həm də özü sürətli hücumlar etməyə nail olurdu. Ancaq bu aqressiv oyun yavaş-yavaş səngidi və "qırmızı-qaralar" meydanın özünə aid hissəsində rəqibi qarşılamağa başladı. Cəmi 10 dəqiqəlik başabaş mübarizə yerini qonaqların diktəsinə verdi. Artıq topa tam nəzarət "Qarabağ"da idi. çempion meydanın rəqibə aid hissəsində paslaşsa da, təhlükəli vəziyyət yaratmaq mümkün olmurdu. çünki "Qəbələ" müdafiənin önündə yarımmüdafiəçilərin ifasında daha bir sədd qurmuşdu. Belədə isə qapıya yaxınlaşmaq müşkülə çevrilirdi. Yalnız ev sahiblərinin fərdi səhvləri ağdamlıların tez-tez uzaq məsafədən şanslarını yoxlamalarına kömək olurdu. Ancaq nə Mahir Mədətov, nə də Abdullah Zubir bu imkanı dəyərləndirə bildi. Bir epizodda isə orta sahədəki boşluqdan yararlanan Filip Ozobiç sürətlə cərimə meydanına yaxınlaşsa da, zərbəsi qeyri-dəqiq alındı.
Sürpriz qol
"Qəbələ"nin bütünlüklə geri çəkilməsi tempin də yüksəlməsinə imkan vermirdi. Komanda topa sahib olduğu zaman isə düzülüş bəzən 4-3-3, bəzən də 4-2-4 olurdu. Hücumçular Stiven Monroz və Ceyms Adeniyi nisbətən sola meyillənərək, Lalavele Atakoraya sağ cinahda boş sahə yaratmağa çalışırdılar. Bəzi hallarda da Təmkin Xəlilzadə bu "trio"ya qoşulurdu. "Qəbələ"də əsas problem orta xəttlə bağlı idi. Cavid Hüseynov Elvin Camalovun yanından uzaqlaşmır, hücumlara qoşulmurdu. Belə olan halda komanda yalnız cinahlardan nəsə etməyə çalışırdı. Bərbad oyunu ilə diqqət çəkən Cavid sanki meydanda ayaqlarını sürüyürdü. Nə müdafiəyə, nə də hücuma kömək edə bilirdi. Bu da ön xətlə arxa xətt arasındakı əlaqənin tamam itməsinə gətirib çıxarırdı və komanda müdafiədən hücuma çıxa bilmirdi. "Qırmızı-qaralar" bəzi anlarda hətta 5-li müdafiəyə də keçirdi. Belə ki, ürfan mərkəzə meyillənir, Təmkin isə sol cinahda onun yerini tuturdu. Səbrlə müdafiə olunan "Qəbələ" öz zamanını gözləyirdi. Həmin an isə 33-cü dəqiqədə gəldi. Monrozla müqayisədə irəlidə daha fəal görünən Adeniyi hesabı açdı. ürfan Abbasovun qazandığı kornerdən Təmkinin ötürməsini nigeriyalı başla qapıdan keçirdi.
Sol cinahdan həmlələr və nəticəsiz qalan gedişlər
"Qarabağ" isə ağırlığı daha çox bir cinahın üzərinə qoymuşdu. Abbas Hüseynovla müqayisədə solda Maksim Medvedev daha fəal idi və hücuma çox çıxırdı. Həm onun, həm də nisbətən sola meyillənən İnnosent Emeqaranın dəstəyi Abdullah Zubirə əlavə boşluqlar qazandırırdı. Ancaq yorğun görünən fransalı istənilən performansı göstərə bilmirdi. Qonaq komandanın sol cinahdan çoxluq təşkil etməsi bir nəticə vermirdi. Hətta bəzi anlarda Zubirlə Ozobiç yerlərini dəyişir, xorvatiyalı bu cinaha keçirdi. Ancaq bu gedişlərin heç biri ev sahiblərinin müdafiə xəttini yarmaq üçün yetmirdi. Hətta vurulan qoldan sonra daha da həvəslənən "Qəbələ" futbolçuları hissənin son dəqiqələrini müdafiədə keçirmədi. Fasilə ərəfəsində Atakora ilə yerini dəyişən Təmkin isə son dəqiqələrdə fəal nəzərə çarpdı.
Planda olmayan qolun təsiri
Ev sahibləri ikinci hissədə meydandakı yerini rahatlamamış qapısında qol gördü. Zubirdən topu alan Emeqara Ozobiçlə əla paslaşaraq cərimə meydanına girdi və topu qapıdan keçirdi. Bu epizodda forvardı gözdən qaçıran Camalov və birinci hissədə ona göz açmağa imkan verməyən Bəhlul Mustafazadənin diqqətsizliyini də vurğulamaq lazımdı. Planda olmayan bu qol "Qəbələ"nin bütün oyun sistemini pozdu. Komanda artıq nə müdafiə oluna, nə də hücum edə bilirdi. "Qarabağ"ın futbolçuları daha dinamik oynayır, qəbələlilər isə qaçmaqda belə çətinlik çəkirdilər. Sanki iki gün öncə Poltavadan gələn komanda "Qarabağ" yox, "Qəbələ" idi. Rahatlıqla hücumlar quran qonaqlar 64-cü dəqiqədə hesabda önə də keçdi. Qayıdan topu ram edən Miçelin yaxın küncə zərbəsi qarşısında Aqil Məmmədov aciz qaldı. Halbuki qolkiper üçün bu, çətin top olmamalı idi. Ev sahibləri özlərinə gəlməmiş intriqa bitdi. Orta sahədəki böyük boşluqdan yararlanan Miçelin irəliləyərək ötürməsini Ozobiç qola çevirdi. Bu epizodda Stankoviçin uğursuz müdaxiləsi də topun xorvatiyalının önünə düşməsinə kömək oldu.
Kimlər gözlənilirdi, meydana kim çıxdı?
"Qəbələ"də kimin nə oynadığı artıq bəlli deyildi. Elvin Camalov müdafiəyə çox yaxın oynayırdısa, Cavid Hüseynovun varlığı ilə yoxluğu bilinmirdi. Bu da orta sahədə böyük boşluğa yol açmışdı. "Qarabağ" futbolçuları əl-qollarını sallayaraq oranı rahatlıqla keçir, qapıya yaxınlaşa bilirdilər. Xüsusən də, Ozobiç və birinci hissədə müdafiəçilər tərəfindən yaxşı bağlanan Emeqara fəallığı ilə seçilirdi. Hesab 1:1 və 1:2 olduğu vaxtlarda belə, oyun "Qarabağ"ın növbəti qolu vuracağından xəbər verirdi. Belə məqamda hər kəs Sənan Qurbanovdan dəyişikliklər gözləyirdi. Ayağında top saxlamağı bacaran Sabien Lilay, orta sahədə hərəkətli Asif Məmmədov və hücumda rəqib müdafiəçiləri gərginlikdə saxlayan Rauf Əliyevə ehtiyac var idi. Ancaq baş məşqçi cəmi 1 əvəzləmə ilə kifayətləndi ki, bunu da başa düşmək mümkün deyildi. İlqar Qurbanovun yerinə Rasim Ramaldanov meydana daxil oldu və ucaboy müdafiəçi sağ cinahda çıxış etdi.
Əvəzəmələrlə yaranan yerdəyişmələr
"Qəbələ"nin orta sahədə oyun qurucusunun olmamasından yararlanan rəqib nəzarəti əldən verməmək şərtilə özünü çox yormamağa çalışırdı. Hiss olunurdu ki, "Qarabağ" futbolçuları son 20 dəqiqədə meydanda dincələrək oynayırdılar. Qurban Qurbanov isə dinamikliyin itməməsi üçün bəzi əvəzləmələr etdi. Abbas Hüseynov Vild-Donald Gerye ilə əvəzlənəndə haitili sol cinahda yer aldısa, Maksim sevimli mövqeyi olan sağ cinaha döndü. 78-ci dəqiqədə bu dəfə görüşü aşağı səviyyədə keçirən Zubiri Simeon Slavçev əvəzlədi. Bolqarıstanlı orta sahəyə, Ozobiç isə sol cinaha keçdi. ümumiyyətlə, xorvatiyalı oyunu yüksək səviyyədə keçirdi. Cinahlarda yer alan Zubirlə Mahir Mədətovun zəif çıxışını Ozobiç orta sahədəki fəallığı ilə bir növ unutdurmağı bacardı.
Beləliklə, son dəqiqələrdə dağınıq futbol oynayan rəqib üzərində təzyiq qurmayan "Qarabağ" Qəbələ səfərindən asan qələbə ilə döndü.
Ruslan SADIQOV