"Zirə"nin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Matç.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Qartallar"ın heyətindəki qol sayını 8-ə çatdıran Vüsal İsgəndərli klub tarixinin məhsuldar oyunçuları arasında 5-ci yerə sahib çıxıb.

Topaz Premyer Liqasının XI turunun "Neftçi" ilə səfər oyununadək (2:2) bu mövqeni Tural Adıgözəlov və Besik çimakadze ilə bölüşən İsgəndərli şəriklərini arxada qoyub. "Zirə"nin "Bakcell Arena"dakı 2-ci qoluna imza atan 23 yaşlı yarımmüdafiəçi yalnız 4 futbolçudan geri qalır. Bunlar Nelson Bonilla (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdir (9).

Cari mövsümdə ilk dəfə fərqlənən futbolçu karyerasını "Zirə"də davam etdirənlər arasında 1-ci pillədədir.

Vüsal qollarından 2-ni Azərbaycan kuboku, 6-nı Premyer Liqada vurub. O, "Zirə"nin çempionatdakı ən yaxşı bombardirləri siyahısında irəliləyib. Hazırda yalnız Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalan İsgəndərli 4-5-ci yerləri Yovan Krneta ilə bölüşür.

Qeyd edək ki, yarımmüdafiəçi indiyədək 57-si Premyer Liqada olmaqla 64 dəfə "Zirə" forması ilə meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest