Qeyri-stabil çıxışını davam etdirən "Qarabağ" çempionatın XII turunda debütant "Sabah"la matçda da büdrədi. Halbuki qarşılaşmadan əvvəl Ağdam təmsilçisinin asan qələbə qazanacağı proqnozlaşdırılırdı. üstəlik, millinin heyətində Millətlər Liqasında çıxış edən futbolçuların çoxuna bu oyunda istirahət verilmişdi. Qurban Qurbanov Kosovo ilə görüşdə meydana çıxanlardan yalnız Araz Abdullayevə ehtiyac duymuşdu.

Milli üzvləri istirahətdə, fərqli müdafiə, eyni düzülüş

"Qarabağ"da qapı və müdafiə xətti, demək olar ki, ehtiyat qüvvədən qurulmuşdu. Təkcə Vild-Donald Geryedən başqa. 20 yaşlı Hacıağa Hacılının start heyətində meydana çıxması da diqqətçəkən məqamlardan idi. Hücumun mərkəzində yer alan Arazın yan-yörəsini əcnəbilər təşkil edirdi. Adlar fərqli olsa da, komanda standard taktiki sistemini qorumuşdu.

"Sabah" isə 4-5-1-lə mübarizə aparmalı idi. Zədəli Marko Deviçin yoxluğunda hücumun sivri ucunda Cavid İmamverdiyev yer almışdı. Baş məşqçi Elşad Əhmədov cinahları müdafiəyəmeyilli yarımmüdafiəçilərlə, ortanı isə 2 dayaq yarımmüdafiəçisi ilə bağlamağı planlaşdırırdı.

"İkimərtəbəli" müdafiə fonunda erkən qol şansı

Start fitindən dərhal sonra ev sahiblərinin nəzarəti ələ keçirəcəkləri gözlənilən idi. İlk dəqiqələrdən bütünlüklə meydanın rəqibə aid hissəsinə toplaşan ağdamlılar həm mərkəz, həm də cinahlardan təzyiq edərək, erkən qolla "Sabah"ın müqavimətini qırmağa çalışırdı. çünki belə komandalarla matçda hesabda önə keçmədikcə, rəqibin dirənişi də artır. Ancaq bütünlüklə müdafiəyə çəkilən qonaqlar rəqibin tempi artırıb, sürətli hücumlar qurmasına imkan vermirdi. Cinah oyunçuları Məqsəd İsayev və Elgün Nəbiyevin də dəstəyi ilə "Sabah" çempion önündə "ikimərtəbəli" müdafiə xətti qurmuşdu. Yalnız Miloş Bosançiç bir qədər irəlidə İmamverdiyevə yaxın oynayırdı.

"Qarabağ"da Gerye təkbaşına sol cinaha kifayət etdiyi üçün Abdullah Zubir sərbəst oynayır, daha çox mərkəzə meyillənirdi. Məhz onun bu sərbəstliyi erkən qolla nəticələnə bilərdi. 8-ci dəqiqədə Zubirin ara pası zamanı Vanderson Silvanın ofsaydı pozması Dani Kintananın qapıçı ilə üzbəüz qalmasına səbəb oldu. Ancaq Saşa Stamenkoviç ispaniyalıya bu sevinci yaşatmadı.

Mənasız yerdəyişmələr, ardıcıl qollar...

Qonaq komandanın üzvləri topa sahib olan kimi, uzun ötürmələrlə cinah yarımmüdafiəçilərini "görməyi" düşünürdülər. Komanda, xüsusən də, Geryenin irəli çox çıxmasından yararlanıb Məqsədin sürətli keçidinə bel bağlayırdı.

"Sabah"ın qapı qarşısında sıxlıq yaratması "Qarabağ"ın düşünülmüş hücumlar qurmasını əngəlləyirdi. Miçel-Kintana-Ozobiç-Zubir "dördlü"sünün dayanmadan yerdəyişmələr etməsi də heç nəyi dəyişmirdi.

Hissənin ortalarından etibarən oyunda müəyyən tarazlıq yarandı. Artıq "Qarabağ" bütünlüklə hücuma atıla bilmirdi. Ya erkən qol buraxmaq təhlükəsinin sovuşması ilə qonaqlarda özünəinam artdı, ya da ev sahibləri özləri rəqibə irəli çıxmaq imkanı verirdi ki, sürətli hücumlar qura bilsin. İstənilən halda bu, "Sabah"ın hesabı açması ilə nəticələndi. Qurbanovun yetirmələri orta sahədə adi səhvlərə tez-tez yol verməyə başladı ki, 44-cü dəqiqədə bunun cəzasını çəkdi. İmamverdiyevin gözəl ara pası zamanı Rahil Məmmədovun da uğursuz yer seçimi Elgün Nəbiyevi qapıçı ilə təkbətək çıxardı. Gənc futbolçu da əla zərbə ilə toru silkələdi. Lakin qonaqlar fasiləyə öndə yollana bilmədilər. Kornerdən uzaq küncə gələn topu Yakub Jezniçak qolla tamamladı – 1:1.

Uğursuz cinah ötürmələri, geri çevrilən "hədiyyə"

İlk yarıdakı aşağı templi mübarizə fasilədən sonra da davam etdi. Yalnız hissənin əvvəllərində "Qarabağ"ın basqılı oyunu qonaqları bir qədər həyəcanlandırdı. ümumiyyətlə, müdafiədə sıxlıq yaradan rəqib qarşısında yalnız iki yolla fərqlənmək şansın qalır: ya uzaq məsafədən zərbələr, ya da standart vəziyyətlərlə. ölkə çempionu birinci hissədə, xüsusən də, cərimə meydanı həndəvərindən qapıçını yoxlamağa meyil etmirdi. Görünür, baş məşqçinin fasilədəki tapşırığı futbolçuların bu baxımdan "gözünü açmışdı". Ancaq belə hallarda da zərbə dəqiq olduğu vaxt Stamenkoviç sayıqlığı itirmirdi. "Sabah"ın standart vəziyyətlərdəki zəif çıxışına baxmayaraq, ardıcıl qazanılan künc zərbələri də "Qarabağ"a kömək etmirdi. Bir epizodda Elvin Yunuszadə sabiq komandasına qol vurmaq üçün "köməklik etsə" də, Gerye bu "hədiyyəni" geri çevirdi. İkinci hissədə Arazla yanaşı oynayan Ozobiç artıq "gizli" hücumçu kimi çıxış etməyə başladı. "Qarabağ"ın problemlərindən biri də Abbas Hüseynovla Geryenin oyunboyu normal cinah ötürməsi edə bilməməsi idi.

Həm hücumçu, həm pleymeyker…

Yenə müdafiəyə diqqəti artıran "Sabah"ın uzun ötürmələrlə İmamverdiyevi topla təmin etmək cəhdləri uğurlu alınırdı. İnsaf naminə milli üzvü arxası rəqib qapısına tərəf olduğu epizodlarda topu qəbul edə, gizlədə bilirdi. Ancaq nə cinahlardan, nə də geridən istədiyi dəstəyi ala bilirdi. Xüsusən də, Bosançiçi görüşün ən zəiflərindən saymaq olar. Serbiyalı pleymeyker nə müdafiəyə düz-əməlli kömək edə bilirdi, nə də cinahlarla hücumçunu topla təmin etməyi bacarırdı. Məhz Bosançiçin oyundan "qopması" hücumların başlamadan "boğulmasına" səbəb olurdu. Cavid məcburiyyətdən geri çəkilib, oyunquruculuğu funksiyasını yerinə yetirirdi. Belədə də hücumda heç kim qalmırdı.

6-3-1-lə nə hücum?

Bu məqamda "Sabah"ın baş məşqçisinin oyunsonrası mətbuat konfransındakı fikirləri ilə matç ərzindəki əvəzləmələri arasındakı ziddiyəti vurğulamaq yerinə düşər. Elşad Əhmədov komandasının hücum etməməsindən, yaradıcı futbol oynamamasından şikayətlənmişdi. Ancaq onun dəyişiklikləri fərqli mənzərəni ortaya çıxarmışdı. Komandasının sürətli əks-hücumdan fərqlənməsini istəyən məşqçi Bosançiçi Tural Qürbətov və ya Bəxtiyar Soltanovla əvəzləyərək ya 2 hücumçulu sistemə keçər, ya da İmamverdiyevi pleymeyker mövqeyinə çəkərdi. Bəs Əhmədov nə etdi? 13 dəqiqə ərzində hər üç əvəzləmədən istifadə edən mütəxəssisin istəyi komandasının orta sahədə dinamikliyi itirməməsi oldu. Pleymeyker Bosançiçin yerinə Eltun Turabov meydana daxil oldu. Bu isə komandanın 3-lü dayaq yarımmüdafiəçisinə keçməsi ilə nəticələndi. Digər dəyişikliklər də müdafiəni gücləndirmək məqsədilə edildi. Artıq cinah yarımmüdafiəçiləri də müdafiəyə çəkilmiş, komanda faktiki olaraq 6 müdafiəçi ilə oynamağa başlamışdı. 6-3-1-lə isə nəinki qol vurmaq, hətta mərkəzi keçmək belə möcüzə olardı. Əhmədovun nəticəni qorumaq üçün atdığı bu addım heç də uğursuz olmadı. Hər halda, "Qarabağ"ı büdrətmək üçün başqa yol yox idi. Sadəcə, baş məşqçinin bu məqamda komandasından hücum tələb etməyə haqqı yox idi.

Qol üçün yetməyən əvəzləmələr və yerdəyişmələr

"Sabah"da 9 müdafiəyəmeyilli oyunçunun qapı qarşısında cəmləşdiyini nəzərə alsaq, "Qarabağ"ın qol vurmaq üçün elə böyük şansı qalmamışdı. Qurban Qurbanov isə sistemə əl vurmadan iki əvəzləməyə əl atdı. ön xətdəki 3 oyunçudan ikisinin əvəzlənməsi yerdəyişmələrə də səbəb oldu. Zubiri əvəzləyən Mahir Mədətov bir neçə dəqiqə onun mövqeyində oynadıqdan sonra Araz Abdullayevin əvəzlənməsi ilə hücumun mərkəzinə keçdi. Ancaq nə o, nə də sonradan oyuna qoşulan Con Delarj komandasına kömək edə bildi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest