25 Oktyabr 2020, 16:42
MPL
"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İlk hissədə dominant tərəf biz idik. Rəqibin əks-hücumlarına imkan vermirdik. Hücumları sonlandırmaqda dəqiqlik çatışmırdı. İkinci hissədə də üstün tərəf biz idi, istədiyimiz qolu da vurduq. Daha sonra istədiyimizi edə bilmədik və rəqib əks-hücumda qol vurdu, qələbə qazandı.
- Komandanın sonlarda 7-8 futbolçu ilə öndə hücum etməsinə nə zərurət var idi ki, sonda da əks-hücumdan qol buraxıb, 1 xaldan olduz?
- 1:0-dan sonra bizə qol lazım idi. Son dəqiqələrdə komandamın oyunundan razıyam. Bəlkə də, mənim də səhvim var idi. Lakin oyunun qırılma nöqtələri çox idi.
- Komandanın heyətində keyfiyyətli oyunçular var, ancaq ardıcıl məğlubiyyətlər alırsız. Bunun səbəbi nədir?
- Məğlubiyyətldərdə bir səbəb axtarmaq lazım deyil. Komanda daxilində problem yoxdur. Əlbəttə, 4 oyun məğlub olandan sonra dinamika da dəyişir. Məsələn, "Sumqayıt"ın yaxşı dinamikası var və qollar vura bilir. Bu dinamika bizdə də olsaydı, bəlkə biz də qol vurub, qələbə qazana bilərdik. Bu vəziyyətdən tək çıxış yolu daha çox işləməkdir.
- Rəhbərliklə hər hansı söhbətiniz olurmu?
- Rəhbərlik mənə sadəcə, dəstək olur. Mən gələndə də hədəfimizin nə olduğunu demişdim.
- Bu nəticələrdən sonra İspaniyada bunu necə qarşılayardılar?
- Hazırda düşdüyümüz situasiya yaxşı deyil. ötən konfransda da demişdim ki, İspaniyada bəlkə də buna başqa cür baxardılar. Hərənin bir cür yanaşması var. Məşqçini nə vaxt göndərmək lazım olduğunu mən də bilmirəm. Bura gələndə əsas onu danışmışdım ki, öz oyun stilimizi yaratmalıyıq. Bəzən nəyisə dəyişmək çox vaxt alır. Bunu bəhanə olaraq demək istəmirəm.
- Baş məşqçi nə vaxt getməlidir?
- Mən başladığım layihələri tərk etməməyi üstün tuturam. Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar. Ancaq indi belə bir şey yoxdur.
- Ramil və Rodriqesin bir-birini əvəzləyərək oynaması daha yaxşı olmazmı?
- Ramilin bu mövqedəki oyunu məni qane edir. Amma müəyyən şeylər var ki, artırmaq lazımdır.
- Belə məğlubiyyətlərdən sonra hədəfiniz Premyer Liqada qalmaqdır, yoxsa Avropa Liqası üçün mübarizə aparmaq?
- Hələ qazana biləcək çox xallar var. Bizim əsas məqsədimiz istədiyimiz oyun tərzini aşılamaqdır. Qarşımızda vaxt var, istədiyimizi edib, yaxşı oyun göstərib, hədəflərimizə çatmaq üçün mübarizə aparacağıq. Məsələn, "Neftçi" əvvəl uğursuz idi, ancaq dünənki oyundan sonra liderliyə yüksəlmişdilər.
- Hakimliklə bağlı fikirləriniz nədir?
- Hər zaman olduğu kimi onu demək istəyirəm ki, hakim də artırmalıdır.