Azərbaycan yığması bu gün növbəti oyununa çıxacaq. Matc.az xəbər verir ki, 3 gün öncə Dç-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşan millimiz bu dəfə Qətərlə üz-üzə gələcək.
İtaliyalı mütəxəssis Canni De Byazi asiyalılar önünə fərqli heyət çıxaracaq. Belə ki, Portuqaliya ilə görüşdə "çərçivə"ni Şahruddin Məhəmmədəliyev qoruyurdusa, bu dəfə meydana Emil Balayev çıxacaq.
Byazinin Turində şans verdiyi müdafiəçilərin heç biri bu gün start heyətində olmayacaq. Qətərlilələrə görüşdə müdafiə xəttində Sərtan Taşkın, Bəhlul Mustafazadə, Şəhriyar Əliyev və Təmkin Xəlilzadə yer alacaq. Onların önündə Tellur Mütəllimov, Aleksey İsayev, İsmayıl İbrahimli, Anatoli Nuriyev, ön xətdə isə Mahir Emreli və Ramil Şeydayev oynayacaq.
Qeyd edək ki, Azərbaycan – Qətər görüşü Macarıstanın Debretsen şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.