31 Mart 2021, 11:11
DÇ-2026
"Oyun çox çətin keçdi. Bizim və rəqibin təhlükəli qol vəziyyətləri oldu. Serbiya yığması əlinə düşən imkanlardan maksimum yararlandı. Təəssüf ki, məğlub olduq". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Azər Salahlı evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə matçı barədə danışarkən deyib.
"Keşlə" klubunda çıxış edən 27 yaşlı müdafiəçi bildirib ki, çox əziyyət çəkmələrinə rəğmən, nəticə istədikləri kimi alınmayıb.
O, cinahda çıxış etməsinə baxmayaraq, rəqib qapısı qarşısına lazımi ötürmələr verə bilməməsinin səbəbini belə izah edib: "Bu görüşdə baş məşqçi mənə sol cinahda yer versə də, üç mərkəz yarımmüdafiəçisindən biri funksiyasını yerinə yetirirdim. Oyun ərzində daha çox mərkəzdə olurdum. Bununla belə, əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Məncə, oyunum normal alındı. Rəqib də 5 müdafiəçidən istifadə etdi. Bu səbəbdən, cinahlardan hücumlar qurmaq alınmadı".
Salahlı seçmə mərhələ Portuqaliya və Serbiya ilə görüşlərdə xal qazana bilmədikləri üçün məyusluq ifadə edib: "Vallah, inanın ki, biz qələbə qazanmağı hər kəsdən çox istəyirik. Məğlubiyyətə görə bizi dəstəkləyən insanlardan üzr istəyirəm. Gələcək oyunlarda əlimizdən gələn və gəlməyən nə varsa, edib qələbə qazanacağıq. Mən buna çox inanıram". (report)
Qeyd edək ki, ilk turda Azərbaycan millisi səfərdə Portuqaliyaya uduzub - 0:1.