Premyer Liqada mövsüm sona yaxınlaşdıqca kimin nəyə qadir olduğu ortaya çıxır. Milli komandaların oyunlarına görə yaranan fasiləyə vahid lider kimi yollanan "Neftçi" son iki turda özünü heç də ölkənin ən yaxşısı kimi aparmır.
"Sumqayıt"a məğlubiyyətin ardından Samir Abasovun komandası bu dəfə Qəbələdə 1 xala sevindi. İki dəfə hesabda geri düşən komanda sonda heç-heçə edə bilirsə, buna məhz şükür etməlidi.
"Qəbələ" – "Neftçi" oyunundakı yüksək temp, bol qol hər nə qədər göz oxşasa da, əldən çıxan saysız-hesabsız şanslar hər iki komandanın hücum xəttinin istənilən keyfiyyətdə olmamasının bariz isbatıdı. Elmar Baxşıyev məhdud imkanlara, kasad heyətə baxmayaraq, hücum futbolundan əl çəkmir. Amma bu sözləri həmkarı Samir Abasova şamil etmək olmaz. çempionluğa iddia edən komanda "üçlü" mərkəz müdafiə sistemindən vaz keçmir ki, keçmir. Əlində üç hücumçu olan Abasov artıq neçənci matçdı ki, onlardan yalnız biri ilə başlayır.
"Neftçi"nin çalışdırıcısı 6 yarımmüdafiəçi oynatmaqla oyunu udacağını zənn edir. Bəli, orta sahədə üstünlüyə yiyələnmək böyük şansdı. Amma bunun üçün sayı çoxaltmağa gərək yoxdu. "Qəbələ" 3 oyunçu ilə də bunu bacara bilir. Deməli, futbolçuların meydanda mövqelərində olmaları, hərənin öz işini icra etməsi daha vacibdi. Nəinki "Neftçi"dəki kimi pərakəndə oynamaq. Bakı klubunda olan keyfiyyətli yarımmüdafiəçilər heç kimdə yoxdu. Bruno Teluşi, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov, Keysuke Honda hər baş məşqçinin arzulayacağı oyunçulardı. Psixoloji təzyiqdən şikayətlənən Abasov onların hamısını birdən yox, növbə ilə oynatsa, belə bir dərd çəkməz. Amma qurduğu sistem özü bu gərginliyə yol açır.
Samir Abasovun dünənki görüşdə ilk səhvi qapı xəttindəki dəyişiklik idi. Baş məşqçi fiziki gərginlikdən, psixoloji təzyiqdən bəhs edib qapıçı dəyişir. Bəs Aqil Məmmədovu səhvsiz oynadığı halda ehtiyata atmaq onda psixoloji gərginlik yaratmayacaq? Həm də qapıçıya nə fiziki yüklənmə? Elə buraxılan ikinci qol Səlahət Ağayevin hədiyyəsi oldu. Hətta onun bir səhvi də qolla nəticələnə bilərdi.
Gələk baş məşqçinin Yusuf Lavalla bağlı seçiminə. Laval sol cinahda vinger kimi çıxış edəndə rəqiblər üçün necə təhlükə mənbəyi olduğunu dəfələrlə sübut edib. Driblinqləri, sürəti sayəsində rəqibdə müdafiəçi azaltmağı bacarır. Amma Samir Abasov "beşli" müdafiə sistemində onu cinahdan müdafiəçi/yarımmüdafiəçi kimi oynadır. Laval ötən tur solda, bu tur sağda eyni funksiyanı yerinə yetirdi. Amma belədə də müdafiəyə daha çox çəkilməli olur, hücumda qala bilmədiyi üçün istənilən effekti vermir. Nigeriyalı öndə topu qəbul edib driblinqlərlə cərimə meydanına girməyi xoşlayır. Baş məşqçi onun bu gücünü əlindən almaqla, "Neftçi"nin hücum potensialını da zəiflədir.
Mirabdulla Abbasov çempionluğa iddia edən komandanın qol ümidi olacaq səviyyədə deyil. Ahmed Ahmedov isə ən azı baş məşqçinin seçimi qədər, prezident Kamran Quliyevin də bərbad idarəçiliyinin aşkar sübutudu. Qış fasiləsində Ceyms Adeniyi onlara təklif olunanda hərəsi bir ağız büzdü, hətta "menecerlər onu bizə sırımaq istəyirlər" cümləsini də işlətdilər. Həmin Adeniyi dünən "Neftçi"nin 3 mərkəz müdafiəçisinin başına min oyun açdı. Bəs Kamran Quliyevin bəh-bəhlə gətirdiyi, Samir Abasovun da sevinclə razılıq verdiyi Ahmed Ahmedov nə işlə məşğuldu? 9 nömrəli formanı geyindirib ehtiyatda oturtmaq bunun fiasko transfer olduğunu göstərir. Hələ utanmadan müqaviləyə mövsümün sonunda 150 min avro qarşılığında birdəfəlik transfer bəndi də saldırıblar. Bəyənmədiyiniz o menecerlərə deyin, bu qiymətə Ahmeddən də yaxşı iki hücumçu tapsınlar, sizə də seleksiya dərsi keçsinlər. Ahmedovun dünənki matçın sonunda bir metrdən boş qapıya düşə bilməməsi əslində elə Kamran Quliyevlə Samir Abasova bir dərs idi.
"Qəbələ" ilə oyunda ilk dəfə start heyətində meydana çıxan Keysuke Honda isə adını daşıdığı markanın ən köhnə versiyasına oxşayır. "Neftçi" onu təqdim edəndə turnir cədvəlinin vahid lideri idi, hər şey yolunda gedirdi. Amma indi iplər öz əllərində deyil. Hondanın topla rəftarına, oyunu oxumasına söz ola bilməz. Amma özünü tərpədənə qədər rəqib oyunçu gəlib topu əlindən alır. Görünür, klub prezidenti sönmüş bir ulduz gətirməklə rahat çempion olacağını zənn edib. Reklama işləməklə qızıl medalı gətirib boynundan asmayacaqlar. çempionluğu meydanda ad yox, mübarizə qazandırır...