Premyer Liqada çempionluğa iddia edən "Neftçi" qeyri-stabil çıxışını davam etdirir. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə "Sabah"la səfər oyununda büdrəyərək, ağır zərbə aldı.

Premyer Liqa
XXIV tur
"Sabah" – "Neftçi" – 2:2
Qollar: Təmkin Xəlilzadə, 24 (p.); Ramil Şeydayev, 30 - Namiq Ələsgərov, 36 (p.), 60 (p.)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 58; Filip İvanoviç, 86; Təmkin Xəlilzadə, 89
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Miloş Jevtiç, 90+1 (təhqiredici jest)
"Sabah": 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev (2. Amin Seydiyev, 88), 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriges (15. Ruslan Abışov, 62), 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko (23. Amadu Diallo, 55), 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
"Neftçi": 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj (9. Ahmed Ahmedov, 90+1), 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz (28. Stiven Monroz, 57), 29. Sabir Buqrin, 4. Keysuke Honda, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 17. Bruno Teluşi, 49. Rener Alves, 26. ömər Buludov, 20. Mert çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
25 aprel. "Bank Respublika Arena", tamaşaçısız

Mövsüm sona yaxınlaşdıqca qeyri-stabil nəticələr göstərən "Neftçi" çempionluq yarışının gətirdiyi psixoloji təzyiqin altında əzilməkdə davam edir. "Sumqayıt"a məğlubiyyət və "Qəbələ" ilə bərabərliyin ardından "Zirə" üzərində inamlı qələbə azarkeşləri xeyli ümidləndirmişdi. Ancaq Samir Abasovun kollektivi bu performansı "Sabah"la görüşdə davam etdirə bilmədi. Halbuki, "Zirə"yə qarşı çıxış edən "11-lik"də cəmi 1 məcburi dəyişiklik var idi. Bu da cəzalı duruma düşən Yusuf Lavalın yerinə Tallison Diazın ilk dəqiqələrdən meydanda olması idi. Abasovun yenə "üçlü"  mərkəz müdafiəçisi sisteminə dönməsi diqqətdən qaçmadı. Halbuki, komanda "Zirə" ilə görüşdə 4-4-2 sxemindən istifadə etmiş və bu, kifayət qədər uğurlu olmuşdu. Mamadu Kane yenə müdafiənin sağ cinahında oynamalı idi.

Meydan sahiblərində isə ötən turla müqayisədə 3 dəyişiklik olmuşdu. Saşa Stamenkoviç və Aleksey İsayev start heyətinə qayıtmışdılarsa, Mario Marinanı ehtiyatda saxlayan baş məşqçi Ramin Quliyev orta sahədə Şakir Seyidova güvənmişdi. Baş məşqçi postuna keçdiyi gündən hücum futbolu barədə düşünən Quliyev yenə cəsarətli addım atmışdı. Gənc çalışdırıcı rəqib "Neftçi" olsa belə, 4-3-3 sistemindən vaz keçmədi.

Universallığı ilə seçilən Filip İvanoviç bu dəfə müdafiənin sağ cinahında mübarizəyə başladı. Dayaq yarımmüdafiəçi kimi çıxış edən Şakir Seyidov nisbətən ona yaxın oynamalı idi. çünki top rəqibdə olarkən əksər hallarda həmin cinahdakı vinger Fofana Tiemoko geri çəkilməyə gecikirdi. Fofana müdafiəyə köməyə gəldiyi zaman da komanda hücumda az qalırdı. Baş məşqçi məhz bu durumu Şakirlə sığortalamışdı. İlk dəqiqələrdən "Neftçi"nin hücum xəttindəki pərakəndəlik həm Seyidovun, həm də komanda yoldaşlarının xeyrinə işləyirdi. Premyer Liqanın bombardiri Namiq Ələskərov yenə sərbəstlik qazanmışdı. Ancaq bu dəfə ona Keysuke Hondanın da qoşulması komandaya irəlidə problemlər yaradırdı. Bu cütlüyün konkret mövqeyinin olmaması digər oyunçulara da sirayət etmişdi. üstəlik, onların geriyə köməyə gəlməməyi Sabir Buqrinin hücuma çox çıxmasına mane olurdu. Məhz buna görə də belçikalı yarımmüdafiəçi nisbətən kölgəyə çəkilmişdi.

"Neftçi" futbolçularının topa daha çox sahib olmaları və irəlidə çoxluq təşkil etmələri onların qol vəziyyətləri yaratmasına kömək etmirdi. çünki ön xətt oyunçuları hərəkətsiz görünür, topu ayaqlarına istəyirdilər. Belə vəziyyətdə onları zərərsizləşdirmək o qədər də çətin olmurdu. "Sabah"ın da müdafiəyə çəkildiyini söyləmək olmaz. İrəlidə daim minimum 2-3 futbolçu saxlayan ev sahibləri topa yiyələnən kimi sürətli hücumla bunu dəyərləndirməyə çalışırdılar.

Hadisələri qabaqlayaraq qeyd etmək lazımdı ki, matçın drammatik və əsəbi keçməsinin əsas səbəbkarı baş hakim Vüqar Həsənli oldu. Referi, belə demək mümkünsə, oyunun ağırlığını daşıya bilmədi. İlk yarıdaca onun 6 dəfə sarı vərəqəyə müraciət etməsi ikinci hissədə heç də xoş mənzərənin xəbərçisi deyildi. Referinin hər foulu "sarı" ilə dəyərləndirməsi oyunçularda gərginliyi artırırdı. Doğrudu, Həsənli 23-cü dəqiqədə qonaqların qapısına təyin etdiyi penalti qərarında tam haqlı idi. "Neftçi"nin ulduz kimi gətirdiyi Honda topa gərəksiz yerə həndbolçu kimi müdaxilə edincə, 11 metrlik nöqtəni göstərmək qaçılmaz oldu. Maraqlıdır ki, həmin ana qədər meydanda yalnız mübarizə gedirdi, qapılar qarşısında təhlükəli vəziyyət yaranmamışdı. Qonaqlar özlərinə gəlməmiş ikinci dəfə mərkəzə dəvət olundular. Ani əks-hücum zamanı Ramil Şeydayevin sürətinə mamadulardan Mbodj seyrçi rolunu oynadı, Kane isə çatdırmadı.

Onsuz da vəziyyəti qəlizləşdirən Vüqar Həsənli nəticəyə birbaşa təsir edən ilk kobud səhvinə 35-ci dəqiqədə imza atdı. Bəhlul Mustafazadənin cərimə meydanı kənarında Namiq Ələskərova qarşı kobud oyununu referi penalti kimi qiymətləndirdi. Bu səhv özü ilə daha bir səhvi gətirdi, haqlı yerə etiraz edən Bəhlul "sarı"ya qonaq oldu. Bu da kapitanın ikinci hissədə meydandan qovulmasını asanlaşdıran məqam oldu.

İkinci hissə də eyni ssenari ilə keçirdi. Baş hakim futbolçulardan daha fəal gözə çarpırdı. çünki vərəqələrin sayı qapılar qarşısında təhlükəli vəziyyətlərdən çox idi. Bəhlulun 58-ci dəqiqədəki kobudluğu bu dəfə haqlı penaltiyə və sarı vərəqəyə səbəb oldu. Ancaq birinci hissədəki yanlış vərəqə "Sabah"ın azlıqda qalmasına yol açdı.

Hesab bərabərləşmişdi və "Neftçi" son yarım saatı say üstünlüyü ilə keçirəcəkdi. Əslində, "ağ-qaralar" tezliklə bu üstünlükdən faydalandılar. 65-ci dəqiqədə referi bu dəfə Hondanın təmiz qolunu saymadı. Meydana yeni daxil olan Stiven Monroz süni ofsaydda idi. Ancaq hakim onun qapıçının önünü kəsdiyini bildirərək, qolu hesaba almadı. Bu epizod sanki "Neftçi" futbolçularını "sındırdı". Komanda rəqibin say azlığından artıq heç cür yararlana bilmirdi. Saysız-hesabsız qol imkanları da görmürdük. Sadəcə, bir neçə epizodda Stamenkoviçin sayıqlığı "Sabah"ın müdafiə xəttini rahatlatdı. Meydan sahibləri isə nəinki 10, hətta sonradan 9 və 8 nəfərlə qaldığı zaman da qol vurmaq sevdasından əl çəkmirdi. "Sabah" futbolçuları topa sahib olduqları anda 2-3 nəfərlə sürətli əks-hücuma keçməyə can atırdılar. Amadu Diallonun 81-ci dəqiqədə qapıçı ilə təkbətək vəziyyəti düzgün yararlanmamasını qeyd etməyə dəyər. Son dəqiqələrdə Filip İvanoviç və Təmkin Xəlilzadə qısa müddətdə qırmızı vərəqə alaraq, "Sabah"ı meydanda 8 nəfərlə qoydular. Meydandakı gərginlik texniki zonaya da sirayət etmişdi. Nəticədə "Sabah"ın məşqçisi Miloş Jevtiç də texniki zonadan qovuldu.

"Neftçi"nin son dəqiqələrdəki cəhdləri isə bir nəticə vermədi və Vüqar Həsənli 16 sarı, 4 qırmızı vərəqə ilə damğa vurduğu görüş heç-heçə yekunlaşdı. Nəticədən fərqli 90 dəqiqə və ondan sonra yaşananlar heç də sülhdən xəbər vermirdi. Referi matçın ardından yaşanan insidentdən sonra hər iki komandanın baş məşqçisini belə, "sarı" ilə cəzalandırdı. Beləliklə, drammatik və xoşagəlməz olayların bol olduğu qarşılaşmada 8 nəfərlə qalan "Sabah"ın müqavimətini qıra bilməyən "Neftçi" çempionluq yolunda növbəti itki ilə üzləşdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest