Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı müvafiq qərarlar çıxarılıb.

Belə ki, "Keşlə" ilə  oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Zirə" 800 manat cərimə olunub. "Zirə"nin futbolçularından Lazar Corceviç "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, komanda daha 3200, Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, "Zirə" 200 manat cərimə olunub.

Həmin görüşdə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə 2 oyun cəzalanıb, klub 1600, məşqçi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanıb, klub 8000, matçın sonlarında stadiona qanunsuz daxil olanlara görə isə meydan sahibi kimi 800 manat cərimə olunub.

Həmin qarşılaşmadan sonra köməkçi hakim Pərvin Talıbova qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cəriməyə məruz qalıb.

"Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest