Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Madrid "Real"ının təqdim etdiyi sənədlər əsasında Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyranın "Barselona" ilə əlaqəsi işi üzrə araşdırmaya başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri UEFA-nın bəyanatına istinadən məlumat yayıb.

"UEFA Madrid "Real" klubundan İspaniya Kral Futbol Federasiyasının Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə bağlı "Barselona" klubuna qarşı aparılan araşdırmaya ("Neqreyra işi") aid çox sayda sənəd aldığını təsdiqləyir. UEFA-nın Etika və İntizam müfəttişləri də bu sənədləri qəbul ediblər və onlar öz yoxlamaları çərçivəsində bu materialları analiz edəcəklər", deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 2023-cü ildə kataloniyalılara İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışmış Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlər edərkən rüşvətxorluq ittihamı irəli sürülüb. "Barselona" 2001-2018-ci illər ərzində sözügedən şəxsə ümumilikdə təxminən 8,4 milyon avro məbləğində ödəniş etməkdə təqsirləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest