Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir. Matc.az xəbər verir ki, bu gün mübarizəyə yunan-Roma güləşçiləri qoşulub. Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən yarışda Azərbaycanın 5 idmançısı - Murad Məmmədov, Rəsul çunayev, Rafiq Hüseynov, Murad Lokyayev və Beka Kandelaki də çıxıb.
Dünya Təsnifat Turniri
Yunan-Roma güləşi
8 may
60 kq
Murad Məmmədov təsnifatda Norveç güləşçisi Stiq Andre Berqe 4:1, ardından belaruslu Maksim Kajarskini (3:1) xalçadan məyus yola salaraq, 1/4 finala çıxıb. Yarımfinal uğrunda görüşdə koreyalı həmkarına uduzan (1:2) Murad lisenziya şansını itirib.
67 kq
Rəsul çunayev Donior İslamovla (Moldova) təsnifat görüşünü qələbəylə başa vuraraq, 1/8 finala yüksəlib. O, növbəti görüşündə yerli idmançı Deyvid Dimitrovla dueldən 6:0 hesablı qələbə ilə ayrılaraq, növbəti mərhələyə adlayıb. Yarımfinal isə Rəsul üçün uğursuz alınıb. İdmançımız Ukrayna təmsilçisi Pərviz Nasibovla bacarmayıb. 2:3 hesabı ilə uduzan çunayev lisenziyasız qalıb.
77 kq
Rafiq Hüseynov təsnifat mərhələsini mübarizə aparmadan keçib. Belə ki, koreyalı Hyenvu Kim yarışa çıxmayıb. Güləşçimiz növbəti mərhələdə hindistanlı Qurpret Sinqi 48 saniyəyə tam üstünlüklə məğlub edib. Hüseynov 1/4 finalda Əlcəzair təmsilçisini də vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Onun rəqibi serbiyalı Viktor Nemes olub. 4:1 hesablı qələbə qazanan idmançımız finala yüksəlməklə yanaşı, olimpiadaya vəsiqə qazanıb.
97 kq
Murad Lokyayev 1/8 finalda Nikolos Kakelaşvili (İtaliya) ilə bacarmayıb - 4:6.
130 kq
Beka Kandelaki 1/8 finalda Oskar Marviki (Norveç) 7:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələdə polşalı Rafal Krayevskiyə uduzub.