07 Sentyabr 2021, 17:24
DÖYÜŞ NÖVLƏRİ
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında güləşçilərimiz uğurlu çıxış etdi. Matc.az xəbər verir ki, yarışa 23 güləşçiylə yollanan heyətin 16 üzvü medal qazandı.
Yunan-Roma güləşi üzrə yarışda böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millinin 8 üzvü mübarizə apardı ki, onlardan da 6-sı fəxri kürsüyə qalxdı. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) çempion oldu. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutdu.
Məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5 qadın güləşçimiz Kazanda xalça üzərinə çıxdı. Onlardan 3-ü medalçılar sırasında yer aldı. Uzun fasilədən sonra beynəlxalq yarışa qatılan Şəhanə Nəzərova (50 kq) geridönüşünü gümüş medalla qeyd etdi. Tatyana Varansovayla (53 kq) Birgül Soltanova (65 kq) isə bürünc medal qazandı.
Sərbəst güləş üzrə yarışda tam heyətlə - 10 idmançıyla təmsil olunduq. Böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Arif Abdullayevin rəhbərliyi altında çıxış edən yığmamızın 7 üzvü ilk "3-lük"də yer aldı. Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, İslam İlyasovla (97 kq) Aydın Əhmədov (125 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) və Sabir Cəfərov (65 kq) isə bürünc medal əldə etdi.
Kazanda ümumilikdə 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanan güləşçilərimiz bu gün Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Aeroportda komandalarımızın qarşılanma mərasimi keçirilib.
Sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev güləşçilərimizin çıxışı və gələcək perspektiv haqqında bunları deyib:
"MDB Oyunlarında 16 medal qazandıq. Bu, böyük uğurdur. Hər zaman qeyd olunur ki, gənclərimiz yetişməlidir, böyüklərdən ibarət yığma komandalara gənclər cəlb olunmalıdır. Bu il gənclər arasında keçirilən dünya və Avropa çempionatında hər 3 güləş növü üzrə millimiz medallar qazanıb, uğurlu çıxış edib. MDB Oyunlarında 20 və 23 yaşadək gənclərimiz yenə sözlərini dedilər və 16 dəfə bayrağımızı yüksəltdilər. Oktyabrda Norveçin Oslo şəhərində keçiriləcək dünya çempionatının hazırlıqlarına gənc güləşçilərimiz də cəlb ediləcək. Heyətin 70-80 faizi gənclərdən ibarət olacaq. Hacı Əliyev gözündəki, Şərif Şərifov isə çiynindəki zədəyə görə dünya çempionatında iştirak edə bilməyəcək. Onların çəkisində də gənclərə şans veriləcək. Paris Olimpiadasına az vaxt qalıb. İnanırıq ki, bu gənclər növbəti Olimpiya Oyunlarında öz sözlərini deyəcəklər. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm ki, idmançılarımız üçün lazım olan şəraiti yaradır və onlar da beynəlxalq arenalarda ümidləri doğruldur".