"Mançester Siti"nin hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasının tarixində daha bir əlamətdar uğura imza ataraq Tomas Mülleri geridə qoyub.
Matc.az xəbər verir ki, norveçli hücumçu turnirin Liqa mərhələsinin I turunda "Portu" ilə qarşılaşmada dubl müəllifi olub və qollarının ümumi sayını 59-a çatdırıb. Bu göstəriciyə nail olmaq üçün forvarda cəmi 59 qarşılaşma kifayət edib.
Bu dubl sayəsində Haland karyerası ərzində "Bavariya"da 57 qol vurmuş Tomas Mülleri geridə qoyaraq turnir tarixinin ən məhsuldar futbolçuları siyahısında 7-ci pilləyə sahiblənib.
Hazırda onun bir addım önündə, yəni reytinqin 6-cı pilləsində "Real"ın hücumçusu Kilian Mbappe qərarlaşıb ki, fransalı ulduz 99 oyunda 71 qol vurmağı bacarıb.
Çempionlar Liqası tarixinin mütləq rekordu isə turnirdə 140 qol vurmuş sabiq "Real" forvardı Kriştiano Ronaldoya məxsusdur.
Xatırladaq ki, turnir çərçivəsində "Mançester Siti" növbəti oyununu oktyabrın 14-də PSJ klubuna qarşı keçirəcək.













