20 Sentyabr 2021, 12:25
DÖYÜŞ NÖVLƏRİ
Bunu azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub etdiyi titul döyüşü barədə Bakıdakı qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib
"Yarışa yaxşı hazırlaşırdıq. Düzü, birinci raundda qələbə qazanacağımı gözləmirdim. Amma qismət belə imiş və ilk raunddaca qalib gəldik". Matc.az xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub etdiyi titul döyüşü barədə Bakıdakı qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı idmançı rəqibinə çox hörmət etdiyini bildirib. "Zavurov bu idman növündə əfsanə və sözünü demiş şəxsdir. Onu Dağıstanda "Fyodor" (Fyodor Yemelyanenko - red) kimi tanıyırlar. Həbib Nurməhəmmədovun dediyi kimi, böyük qardaşdır. Həbib ona baxıb böyüyüb".
Abbasov görüşün sonlarında yaşanan qalmaqal haqqında da danışıb: "Elə də böyük qalmaqal olmadı. Rinqə daxil olan şəxs Zavurovun əmisi oğlu idi. Döyüşdən sonra mənə yaxınlaşıb, üzürxahlıq etdi. Orada başqa heç nə yox idi. Hakim saxlayanadək döyüşü davam etdirməlisən".
İdmançı döyüşdən sonra Həbib Nurməhəmmədova ünvanladığı "çamadanım hazırdır, səni gözləyirəm" atmacaya da aydınlıq gətirib: "çamadanım çoxdan hazırdır. Gözləyəcəyik, 1-2 gün dincələk və özümüzə gələk. Bu barədə açıqlamalar olacaq. Həbib məni UFC-yə keçirəcəyinə dair söz verib. Danışıqlarımız olacaq. öz postunda paylaşmışdı ki, söz vermişəmsə, əməl edəcəyəm. Danışıqlar gedəcək, baxacağıq. Hələlik qarşıda hansı döyüşün olacağı ilə bağlı məlumat yoxdur. Növbəti aylarda bilinəcək".
Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov isə deyib ki, həmin döyüşdə hansısa hadisə baş verə bilməzdi: "çünki bizim danışıqlarımız olub. Həbib Nurməhəmmədov elə bir şəxs deyil ki, özünü o səviyyəyə endirsin. Məni də tanıyanlar bilir: Biz də o səviyyəyə düşmərik ki, bu idman növün aşağı salaq və orada başqa hərəkətlər olsun. Rinqə girən həmin yoldaş emosiyalarına sahib ola bilmədi. Hətta rinqdə ağladı. Mən onu başa düşürəm, şəxsən o hissi yaşamışam və görmüşəm". (Report)