Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Kayrat" sosial şəbəkə vasitəsilə maraqlı paylaşım edib. Matc.az xəbər verir ki, Qazaxıstan təmsilçisi bu matç ərəfəsində iki komandanı bir-birinə bağlayan 5 məqamı vurğulayıb:
 
– Komandaların baş məşqçiləri Qurban Qurbanov və Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatının I divizionunda iki dəfə qarşılaşıb. Həmin vaxt Qurbanov Voronej "Fakel"inin hücumçusu, Berdıyev isə Kazan "Rubin"inin baş məşqçisi olub. Hər iki görüşdə Berdıyevin yetirmələri eyni hesabla qalib gəlib – 2:0;
 
– Marko Veşoviç ("Qarabağ") və Neboyşa Kosoviç ("Kayrat") Monteneqro millisində komanda yoldaşıdır;
 
– Xorvatiyalı Filip Ozobiç ("Qarabağ") və Dino Mikanoviç ("Kayrat") 2013-cü ildə Split "Hayduk"unda çiyin-çiyinə çıxış edib;
 
– "Qarabağ"ın qapıçı məşqçisi Elxan Həsənov bir vaxtlar futbolçu kimi "Kayrat"a qarşı oynayıb. O, 1988-1990-cı illərdə "Neftçi"nin qapısını qoruyub. Sabiq qolkiper Almatı klubuna qarşı SSRİ çempionatında və digər yarışlarda ümumilikdə 7 oyunda iştirak edib;
 
– "Qarabağ"ın qapıçısı Emil Balayev 2019-cu ildə "Tobol"un heyətində "Kayrat"la 4 dəfə qarşılaşıb. 2 görüşdə qol buraxmayıb, digər 2 matçda isə "Kayrat"ın hazırkı futbolçuları Erkebulan Seyidəhməd və Artur Şuşenaçev fərqlənib.
 
Qeyd edək ki, noyabrın 4-də Almatıda keçiriləcək "Kayrat" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest