13 Fevral 2022, 15:28
FUTBOL
"Qarabağ" futbol üzrə Azərbaycan kubokunda 150-ci oyununu keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi yubiley matçına 1/4 finalın cavab mərhələsində çıxıb
"Qarabağ" futbol üzrə Azərbaycan kubokunda 150-ci oyununu keçirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi yubiley matçına 1/4 finalın cavab mərhələsində çıxıb.
"Keşlə"nin qonağı olan yubilyar 6:0 hesablı qələbə qazanıb. 1993-cü ildən kubokda çıxış edən "Qarabağ" kubokda 150 və ya daha çox oyun keçirən ikinci komanda olub. Ağdamlılar bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub. Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb.
Yeri gəlmişkən, bu oyunda Azərbaycan kubokunda 1/4 final mərhələsinin ən böyükhesablı qələbəsi qeydə alınıb. Bu, təkcə 1/4 final deyil, yarımfinal və finalı da saymaqla son üç mərhələnin ən böyük hesabıdır.
1992-ci ildən təşkil olunan yarışın bu mərhələsində indiyədək 6 və ya daha çox top fərqilə qalib gələn olmamışdı. Bunadək ən böyükhesablı nəticə 5 top fərqilə olub. 1/4 finalda dörd belə nəticə qeydə alınıb. Yarımfinal və finalı da nəzərə alsaq, həlledici üç mərhələdə ümumilikdə 5 dəfə beş top fərqinə təsadüf olunmuşdu.
Lakin "Qarabağ" bu raundlardakı bir matçda ən çox qol vuran komanda olmayıb. 2006/07 mövsümündə "Neftçi" "Turan"ı 1/4 finalda 7:2 hesabı ilə yenib. Səfərdə ən çox qol vuran komanda adına şərik çıxan ağdamlılara qədər "Kəpəz" 1994/95 mövsümündə Sumqayıtda "Xəzər"i 6:4 hesabı ilə məğlub edib.