Boks üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları son 6 ayda 37 medal qazanıblar. Matc.az xəbər verir ki, yığmalarımız bu mükafatları qatıldıqları 7 yarışda əldə ediblər. Onlardan 15-nin əyarı qızıl, 11-i gümüş və 11-i bürüncdür.
 
Avropa çempionatlarının hər birində qızıl medal
 
Boksçularımız 37 medaldan 11-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandalarımızın üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışların hər birində qızıl mükafat qazanmaqla Azərbaycan himnini səsləndirib. Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq) və məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. Komandalarımız göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi) olub.
 
İdmançılarımız Avropa birinciliklərində 3 qızıl medalla yanaşı, 2 gümüş və 6 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçumuz da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub.
 
Boksumuzun sabahı və ya yeni rekordlar üçün möhkəm təməl
 
Ayrı-ayrı yığmalarımıza gəlincə, son 6 ayda yeniyetmə idmançılarımız daha çox medal qazanıblar. Azərbaycan boksunun sabahı hesab olunan komandamız 3 beynəlxalq turnirdən Vətənə 16 medalla qayıdıb. Onlardan 12-si oğlanların, 4-ü qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları də buraya əlavə etsək, mükafat sayı 21-ə bərabərdir. Medallardan 8-si qızıl, 8-i gümüş və 5-i bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.
 
Gənc boksçularımızın hesabında isə 12 medal var. Həmin mükafatlar 2 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 10 (5-2-3) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.
 
U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Qarşıda komandalarımızı daha böyük yarışların gözlədiyini nəzərə alsaq, əsas məqsəd yeni rekordlar vurmaqdır. Bu, cari ildə beynəlxalq turnirlərlə yanaşı, yeniyetmələr arasında Avropa birinciliyində və gənclər arasında dünya çempionatında uğurlu çıxış sayəsində də rəsmiləşə bilər. Məhz qazanılan qələbələr, inkişaf üçün möhkəm təməl və maddi-texniki bazanın gücləndirilməsi Olimpiadada ilk qızıl medalı əldə etməyimizə gözəl zəmin yaradacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest