"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə komandadan ayrılır. Matc.az xəbər verir ki, Premyer Liqanın IV turunda "Səbail"ə 1:4 hesablı məğlubiyyət 62 yaşlı mütəxəssisə postunu itirmək bahasına başa gəlib.
"Kəpəz"in 4 oyundan sonra Premyer Liqada xal toplamayan yeganə komanda olması da onun istefasını şərtləndirən amillərdən biridir. üstəlik, hələ I Divizion dönəmindən gəncəli azarkeşlər onun işindən narazı idi. Bu mövsüm Premyer Liqadakı ardıcıl məğlubiyyətlərə görə də fanatlar hər oyunda onu istefaya səsləyirdi.
Gəncə klubu Vahabzadənin istefası ilə bağlı qərarı rəsmən açıqlamasa da, səhər saatlarında bunun elan edilməsi gözlənilir. 2019-cu ildən bu komandaya rəhbərlik edən təcrübəli mütəxəssisi kimin əvəz edəcəyi də maraq doğurur. Əldə etdiyimiz məlumata görə, hazırda bu posta iki namizəd var. Tərlan Əhmədov və Aftandil Hacıyev.
41 yaşlı Hacıyev bu mövsümün əvvəlində "Səbail"dən gözlənilməz şəkildə ayrılandan bəri işsizdi. 50 yaşlı Əhmədov isə düz iki ildir işləmir. O, sonuncu iş yeri olan "Keşlə"dən (indiki "Şamaxı") məhz 2020-ci ilin avqustunda ayrılmışdı.