"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt" üzərində 3:0 hesablı qələbə qazandız. Belə asan qalibiyyət gözləyirdiz?

- Bu mövsüm çempionluğa oynayırıq. Bütün matçlara ciddi hazırlaşırıq. Heç bir komandaya yuxarıdan aşağı baxmırıq. Bizim üçün güclü və ya zəif rəqib yoxdu. Sadəcə, meydana çıxıb öz oyunumuzu göstərmək istəyirik. Məşqçinin tapşırıqlarını yerinə yetirməklə qələbələr qazanmağı hədəfləyirik.

- İlk 5 turda qazanılan 12 xalı komanda üçün maksimum nəticə saymaq olar?

- Məncə, daha yaxşı ola bilərdi. çempionat hələ yeni başlayıb. Bundan da yaxşı çıxış edə bilərik. Bunun üçün bir az vaxt lazımdı. Oyundan-oyuna artıracağıq və daha uğurlu nəticələr göstərəcəyik. Həm özümə, həm komanda yoldaşlarıma, həm də məşqçilər korpusuna güvənirəm.

- 45 dəqiqədən bir az çox meydanda olduz və mövsümdə ilk qolunuzu vurduz. Bu qol özünəinam baxımından nə dərəcədə önəmli idi?

- özümə inanırdım. çünki son vaxtlar 5-10 dəqiqə oyunlarda iştirak edirdim, bu da çox az müddətdi. Yetərincə istədiyim oyunu göstərə bilmirdim. Yaxşı formaya düşmək üçün isə müntəzəm oynamaq və daha çox meydanda olmaq lazımdı. çünki nadir hallarda 5-10 dəqiqəyə nəsə eləmək olar. Ən önəmlisi komandanın nəticəsidi. Düzdü, bütün futbolçular meydanda olmaq istəyir. Amma mənim üçün əsas qələbə qazanmaqdı. Kənarda oturduğum zaman da meydanda oynayırammış kimi həyəcalı oluram, komanda yoldaşlarıma dəstək verirəm.

- Konfrans Liqasında "Rapid"ə məğlubiyyətin səbəbkarı kimi siz göstərildiz. Həmin günləri necə keçirdiz?

- Futbolda belə hallar normaldı. Təbii ki, xoş deyil. Ancaq peşəkar futbolçu olaraq kimin nə danışmağı mənim üçün önəmli deyil. çünki məni hamı sevə bilməz. Topu boş qapıdan keçirə bilmədiyim epizod deyildi. Sadəcə, təkbətək epizodda irəliləyib qol vura bilərdim. Bunu dəyərləndirə bilmədim. Belə səhvlər eləməməyə çalışıram. Tənqidlərin heç bir psixoloji təsiri olmadı. Peşəkar idmançı olaraq işimə davam edirəm. Sağ olsun, baş məşqçi də mənə güvənir. Əlimdən gələnin ən yaxşısını eləməyə çalışıram.

- Artıq tam formaya düşmüsüz, yoxsa hələ vaxt lazımdı?

- Bundan daha da yaxşısını edə bilərəm. İnanıram ki, getdikcə daha yaxşı forma yığacağam.

- Sentyabrın 10-da çempionatın 6-cı turunda "Qəbələ"nin qonağı olacaqsız. çətin səfərdən itkisiz dönmək çətin olmayacaq?

- çox ağır oyun olacaq. üstəlik, səfərdədi. "Qəbələ" də yaxşı komandadı. Ancaq rəqibin zəif və ya güclü olması bizim üçün önəmli deyil. Biz Qəbələyə öz oyunumuzu göstərmək və qələbə qazanmaq üçün gedəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest