Rumıniyanın Konstansa şəhərində keçirilmiş U-20 dünya çempionatında və Dünya Seriyasının final mərhələsində uğurlu çıxış etmiş çimərlik güləşi üzrə millimiz bu gün vətənə qayıdıb. Matc.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.
 
Oyan Nəzəriani, millinin baş məşqçisi: "Avropa çempionatından sonra dünya çempionatında da uğurlu çıxış etdik. U-17 yaş qrupunda 4 qızıl medalla komanda hesabında dünya çempionu, U-20 yaş qrupunda isə bir dəst medalla komanda hesabında dünya ikincisi olduq. Son olaraq Dünya Seriyasının final mərhələsi keçirildi. Bu yarış həm də dünya çempionlarını müəyyənləşdirirdi. Bir qızıl, iki gümüş medal qazandıq. Bu yarışlara çox yaxşı hazırlaşmışdıq. Bildiyiniz kimi, 2026-cı ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi də yer alacaq. U-17 yaş qrupunda qazanılan uğurlar çalışmaların doğru istiqamətdə getdiyini göstərir. Gələn il Dünya çimərlik Oyunları keçiriləcək. Əsas məqsədimiz bu oyunlara yaxşı hazırlaşmaqdır. Dünyada nadir komandalardanıq ki, peşəkar səviyyədə çimərlik güləşiylə məşğul oluruq. Olimpiya Güləş Mərkəzində çimərlik güləşi zalımız var. Əlverişsiz hava şəraitində qapalı məkanda məşq keçə bilirik. Bu, bizim üçün ən böyük müsbət məqamdı. Bunun nəticəsi olaraq, Avropa və dünya çempionatında uğurlu çıxış etdik".
 
İbrahim Yusubov, dünya çempionu: "Təəssüratlarım çox yüksəkdir. Dünya çempionu olduğum üçün çox sevinirəm. Məşqçilərimizlə birlikdə çəkdiyimiz əziyyət yerdə qalmadı. Bütün yaş qruplarında çox yaxşı çıxış etdik. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında keçdiyimiz məşqlərin bəhrəsini gördük. Başda prezident İlham Əliyev olmaqla, bizə belə şərait yaradan Güləş Federasiyasının rəhbərliyinə, həmçinin şəxsi məşqçim Firdovsi Umudova təşəkkürümü bildirirəm. Sevincimizə şərik olan hər kəsə minnətdaram. çalışacağam ki, gələn il Dünya çimərlik Oyunlarında da qızıl medal qazanım".
 
Fərid Cabbarov, U-20 dünya çempionu: "Federasiya rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Sevinirəm ki, ikinci dəfə dünya çempionu oldum. Məşqçilərimizlə, komanda yoldaşlarımla birgə əziyyət çəkdik. Hamını təbrik edirəm. İnşallah, bundan da böyük nəticələr qazanarıq. Gələn il böyüklər arasında Dünya Seriyasında da özümü sübut etməyə çalışacağam".
 
Zəfər Əliyev, U-20 dünya ikincisi: "Yarış çox yaxşı keçdi. Düzdür, dünya çempionu olmaq istəyirdim. Ancaq finalda zədələrim qələbə qazanmağa imkan vermədi. İnşallah, gələn il daha yaxşı nəticələrə imza ataram. Komandamız çox yaxşıdır. Hətta deyərdim ki, bu idman növündə ən güclü bizik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest