Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, mundialın ilk günlərində yunan-Roma güləşi üzrə millimiz mübarizə aparacaq.
 
Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib. Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Daha sonra heyət açıqlanıb.
 
Dünya çempionatında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizi təmsil edəcək.
 
Sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək. Növbəti gün Eldəniz, ülvü və Sənan yarışa start verəcək. Ayın 11-də Taleh, Həsrət, Rafiq və Arif, ayın 12-də isə Muradla Sabah mübarizəyə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest