09 Sentyabr 2022, 16:52
DÖYÜŞ NÖVLƏRİ
Rusiya və Belarus paracüdoçuları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər. Matc.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında açıqlama verib.
O bildirib ki, Beynəlxalq Paralimpiya Komitəsinin məlum qərarına əsasən, bu qadağa Azərbaycandakı yarışda da tətbiq olunacaq.
Rəhimov qurumun noyabrda baş tutacaq Baş Assambleyasında Rusiya və Belarus idmançıları ilə bağlı məsələnin müzakirə olunacağını söyləyib.
Paracüdo üzrə dünya çempionatı 7-9 noyabrda keçiriləcək.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.