11 Sentyabr 2022, 20:48
DÖYÜŞ NÖVLƏRİ
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.
Taleh Məmmədov (63 kq) 1/8 finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz 1/4 finalda son olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. Taleh bürünc medal uğrunda güləşəcək.
Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa 1/8 finala yüksəlib. Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0. Gənc güləşçimiz 1/4 finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. Cəfərov finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. Həsrət serbiyalı rəqibinə 2:5 hesabıyla məğlub olub. Milli üzvü bürünc medal üçün mübarizə aparacaq.
Rafiq Hüseynov (82 kq) 1/8 finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub - 0:11. Ancaq rəqib finala qədər irəlilədiyi üçün Hüseynov təsəlliverici görüşə çıxacaq.
Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabıyla qalib gəlib. Niftullayev 1/8 finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0. Arif daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adınnı yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Niftullayev ilk hissəni 3:0 öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə "tuşe" ilə uduzan Arif bürünc medal uğrunda güləşəcək.
Bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları sentyabrın 12-də keçiriləcək.