13 Sentyabr 2022, 00:34
DÖYÜŞ NÖVLƏRİ
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.
Taleh Məmmədov (63 kq) 1/8 finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz 1/4 finalda son olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. Taleh bürünc medal uğrunda ermənistalı Qraçya Poqosyanı 10:4 hesabıyla üstələyərək dünya üçüncüsü olub.
Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa 1/8 finala yüksəlib. Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0. Gənc güləşçimiz 1/4 finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. Cəfərov finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. Həsrət serbiyalı rəqibinə 2:5 hesabıyla məğlub olub. Milli üzvü bürünc medal üçün türkiyəli Murat Firatla mübarizə aparıb. Rəqibinə 8:2 hesabıyla qalib gələn Cəfərov bürünc medalı boynundan asıb.
Rafiq Hüseynov (82 kq) 1/8 finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub - 0:11. Ancaq rəqib finala qədər irəlilədiyi üçün Hüseynov təsəlliverici görüşdə iştirak əldə edib. Qazaxıstanlı Dias Kalenə "tuşe" ilə qalib gələn Rafiq bürünc medal görüşünə vəsiqə qazanıb. Titullu pəhləvanımız 3-cü yer uğrunda qarşılaşmada macarıstanlı Tamaş Levaya 1:3 hesabıyla uduzub.
Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabıyla qalib gəlib. Niftullayev 1/8 finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0. Arif daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adınnı yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Niftullayev ilk hissəni 3:0 öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə "tuşe" ilə uduzan Arif bürünc medal uğrunda italiyalı Nikolos Kakelaşviliylə qarşılaşıb və güclü rəqibini 2:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.