17 Sentyabr 2022, 19:51
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan cüdoçusu Vüqar Talıbov çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, 90 kq-da mübarizə aparan idmançı Maksim Duynov (Latviya), israilli İnbay Qabay və gürcüstanlı Tornike Poladişvilidən üstün olaraq yarımfinala adlayıb.
Burada serbiyalı Milyan Radulu da yenən Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi adını finala yazdırıb. Həlledici dueldə rəqib ukraynalı İvan Kutenkov olub. Talıbov bu rəqibinə də "ippon"la qalib gəlib və Avropa çempionu olub.
Eyni çəkidəki digər təmsilçimiz - İsmayıl Zamanov yarımfinaladək irəliləsə də, burada Kutenkova uduzub. O, üçüncü yer uğrunda macarıstanlı Peter Safrani ilə üz-üzə gəlib. Bu rəqibinə qızıl xal bölümündə qalib gələn Zamanov bürünc medala sahib çıxıb.
100 kiloqram çəki dərəcəsində çıxış edən Ruslan Nəsirli isə yarımfinalda italiyalı Daniele Akkoqliyə məğlub olub. O, bürünc medal qarşılaşmasında daha bir italiyalı Yan Karletti ilə də bacarmayıb və Avropa çempionatını 5-ci pillədə başa vurub.
Bu gün mübarizəyə qoşulan digər cüdolçularımızın - Kənan Nəsibov (+100 kq) və Nərmin Əmirlinin (-78 kq) çıxışı uğurlu alınmayıb.
Beləliklə, Azərbaycan cüdoçularının qitə birinciliyində əldə etdiyi medalların sayı 5-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanmışdı.
Sabah qitə birinciliyində qarışıq komanda yarışı baş tutacaq. Azərbaycan millisi mübarizəyə təsnifatdan başlayacaq. Rəqib Avstriya yığması olacaq.