"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqanın 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqanın 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Neftçi" haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Ən zəif vaxtında belə, bu komandanın adı var. Bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar. Mənim üçün əlamətdar gün idi. Stadionun bütün tribunalarını dolu gördüm. Bu cür matçların sayı çox olmalıdır. çox maraqlı oyun oldu. İlk hissədə, demək olar ki, rəqibə imkan vermədik. özümüz isə 4 real qol epizodu yaxaladıq. Lakin istifadə edə bilmədik. Fasilədən sonra da eyni senari ilə davam etdik. Rəqibin ön xəttini tamamilə bağlaya bildik. Qol epizodlarımız çox oldu. Əsas odur ki, istifadə edə bildik və vacib qələbə qazandıq".
 
Onun sözlərinə görə, ilk hissədə də üstünlük "köhlən atlar"ın tərəfində olub: "Həm qapı istiqamətində zərbələr, həm də real qol imkanları baxımından rəqibi qabaqladıq. Sadəcə, "Neftçi" birinci yarıda qol vurmağa nail oldu. İkinci hissədə isə rəqibin hücumlarının qarşısını ala bildik. İnkişaf etmək istəyiriksə, rəqabət olmalıdır. Oyun ərzində aralarında gərginlik olan futbolçular final fitindən sonra əl verib görüşdülər. Bu da hər iki tərəfin adına yaraşacaq jest idi".
 
Qarayev deyib ki, bu qələbə növbəti oyunlara daha ciddi hazırlaşmaqlarına səbəb olacaq: "çünki digər rəqiblər "Neftçi"yə qalib gəldiyimizi görüb, bizimlə matça daha ciddi hazırlaşacaqlar. Eləcə də "ağ-qaralar" bizdən revanş almaq üçün bütün imkanlardan istifadə edəcək".
 
Təcrübəli oyunçu belə matçlar üçün darıxdığını söyləyib: "Düşünürəm ki, belə matçların sayı nə qədər çox olsa, bir o qədər sürətli inkişaf edərik".
 
O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub: "Açığı, "Neftçi" ilə oyunadək digər matçlar haqqında düşünməmişdik. Yəqin, baş məşqçimiz sabahdan növbəti rəqiblə bağlı fikirlərini bizimlə bölüşəcək. Bizi çətin səfər görüşü gözləyir. "Olimpiakos" azarkeşlərinin qarşısında oynayacaq. çılğın fanatları var. Oyun planında nəyə qadirdirlər, bunları sabahdan analiz edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest