"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 10-cu turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 10-cu turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
 
"Rəqib son turlarda nizam-intizamlı oyun göstərir. Bizə təbii örtükdən süniyə keçmək ağırdır. çoxlu qol epizodumuz oldu, lakin istifadə edə bilmədik. Daha yaxşı olmağa çalışacağıq. Xal itkisini tək Felipe Sontosun yaxın məsafədən çərçivəyə düşə bilməməsi ilə əlaqələndirməzdim. Ondan öncə Ramon Maçadonun epizodu oldu, Rafael Utziq təkbətəkdən yararlana bilmədi. Futboldur, bəzən çətin epizoddan fərqlənirsən, bəzən də rahat vəziyyətdən qol vurmaq olmur".
 
O, matçın sonlarına yaxın baş hakim Rauf Allahverdiyevin mübahisəyə səbəb olan qərarını da şərh edib: "Yəqin ki, onlar epizodu daha yaxşı dəyərləndirərlər. Top qapı istiqamətinə gedirdi. Bizə penalti kimi göründü. Qərar hakimlərindir. Yəqin ki, ədalətli olurlar".
 
Baxşıyev Utziqin əvəzlənərkən narazı olmasına da toxunub: "Oyunçu stressli olur. Ona görə də hər xırda epizodu belə dəyərləndirmək düzgün deyil. Normal qarşılayıram. Komandada hər şey qaydasındadır, hamı bir-birinə dəyər verir. Utziq inandığım futbolçudur".
 
Legionerlərin oyununun alınmamasının səbəbini açıqlayan mütəxəssis bunu süni örtüklə əlaqələndirib: "Burada oynamaq bir qədər ağırdır. Təbii otda hazırlaşırıq. Ona görə belə problem yaranır. Legionerlərdən fərdi olaraq, kimisə vurğulamazdım. Hərdən komanda şəklində oyundan qopuruq. Bunu daha da yaxşılaşdırmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest