"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyevin matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"dan 3 xal alsanız da (1:0), o qədər yaxşı oyun ortaya qoya bilmədiniz. Performansınızdan tam razı qaldınız?

- Performans məsələsi oyundan-oyuna dəyişir. Elə komanda var ki, açıq futbol oynadığı üçün temp sürətli alınır. "Sumqayıt" da burada qapalı futbola üstünlük verdi. çünki qol buraxmamağa çalışırdı. Məşqlərdə bunun üzərində işləmişdik. Sadəcə, rəqib müdafiədə sıxlıq yaradanda istər-istəməz çətinlik çəkirsən. çalışırdıq şanslar yaradaq, dəyərləndirək. Düzdü, yüz faizlik imkanlarımız az oldu. Şamaxıda da belə bir oyunumuz olmuşdu. Bu cür rəqiblərə qarşı səbirli olmalı, şansını gözləməlisən. Biz rəqibə şans verməməyə çalışdıq. Belə matçlarda bir qol həlledici olur. Son dəqiqələrdə də olsa, istəyimizə çata bildik.

- 88-ci dəqiqədə vurduğunuz qol həlledici oldu. Həmin vaxt cərimə meydanına gedəndə qol vuracağınızı hiss etmirdiniz?

- Həmin vaxt cərimə zərbəsi meydanın mərkəzinə yaxın yerdə idi. çox adam oradan qapı qarşısına ötürməni gözləməzdi. Baş məşqçi bizə tapşırıq verdi ki, irəli gedin. Top havada ikən mənə tərəf gəldiyini hiss edirdim. Müdafiəçi olsam da, hər oyunda qol vurmaq istəyərəm. Qol epizodunda baş məşqçi müdafiəçilərin rəqibin cərimə meydanına girməsini tapşırdı. Ayxan müəllim bunu deməsəydi, bəlkə də, ötürmə ilə başlayacaqdıq.

- Adətən futbolçu qol vuranda onu kiməsə həsr edir. Siz kimə həsr etdiniz?

- Mənim qol vurmağım o qədər də böyük önəm kəsb etmir. Əsas odu ki, komanda 3 xalı qazandı. Bu, mənim üçün hər şeydən önəmlidi. Qolu da həmişəki kimi ailəmə, sevdiklərimə həsr edirəm.

- ümumiyyətlə, karyeranızın ən yaddaqalan qolu hansıdı?

- "Keşlə"də olanda da kubokun finalında "Sumqayıt"la matçda hesabda geridə idik, bərabərlik topunu vurdum. Bəlkə də, bu, oyunun axarının dəyişməsinə səbəb oldu. Hər qolun öz gözəlliyi var. Sadəcə, bu dəfə son dəqiqələrdə vurdum. Həm "Sumqayıt", həm də biz qol buraxmaq istəmirdik. Bəlkə də, onlar qol vursaydılar, elə çılğın şəkildə sevinərdilər ki, stadionu dağıdardılar. çünki son dəqiqədə qələbə topunu vuranda hədsiz sevincli olursan, özünü saxlaya bilmirsən. Bəlkə də, ən yaddaqalan qolum budu.

- Hər kəs mövsümün bu ana qədər olan hissəsində "Turan Tovuz"u sürpriz komanda sayır. Debütant komandanın 11 oyunda 15 xal toplamasını uğur saymaq olar?

- "Turan Tovuz" neçə ildən sonra Premyer Liqaya qayıdıb və yeni yığılmış heyətə sahibdi. Əcnəbi futbolçularımız bir az gec gəldilər, uyğunlaşmaqda çətinlik çəkdik. Qarşımıza belə bir məqsəd qoyulmayıb ki, mütləq avrokuboklara getməliyik. Qətiyyən belə bir şey yoxdu. İlk növbədə döyüşkən, rəqiblərə başağrısı verən komanda formalaşdırmalıyıq. Hər oyunda xallar qazanmaq istəyirik. Qalib gələ bilmədiyimiz matçda da uduzmamağa çalışırıq. Ola bilsin ki, futbolçular burada özlərini çox rahat hiss edirlər. çünki həm rəhbərlik, həm də məşqçilər korpusu bu rahatlıq üçün əllərindən gələni edirlər. ümid edirəm ki, bundan sonra daha çox xal toplayarıq.

- Hansı oyunlardakı xal itkilərinə görə daha çox üzülürsünüz?

- Həqiqətən də, elə oyunlar var. Məsələn, "Səbail"lə (2:2) buradakı matçın ilk hissəsini çox yaxşı keçirmişdik. Düşünə bilərik ki, həmin qarşılaşmada 2 xal itirdik. Amma digər tərəfdən rəqib ikinci hissəni daha yaxşı keçirdi. "Neftçi" ilə səfərdə heç-heçə etməyi bacardıq. Ağır Şamaxı səfərində qələbə qazana bildik, Sumqayıtdan 1 xalla döndük. Bunları nəzərə alsaq, qazandığımız 15 xala da şükür edirik.

- Nəticələrdə tovuzlu azarkeşlərin nə kimi rolu olur?

- Televiziyadan baxanda, bəlkə də, insanlar elə bilir ki, oyunlara az adam gəlir. Amma qarşı tribuna ağzına qədər dolu olur. Qələbə qazananda da, uduzanda da sosial şəbəkələrdə, nömrəmizə mesajlar yazırlar, dəstəklərini göstərirlər. Bunu görürsən, adama ləzzət edir, əlavə motivasiya alırsan. Elə "Sumqayıt"la son matçın ikinci hissəsində təxminən 10 dəqiqə temp düşdü, komandada sanki yorğunluq var idi. Bizə elə dəstək verdilər ki, bəlkə də, bunun sayəsinə qələbə qazandıq. Sözlə demək mümkün deyil, meydanda olanda bunu yaşayırsan.

- Həm Bakıda, həm Gəncədə, həm də Sumqayıtda yaşamısınız. Futbol baxımından Tovuzun digərlərindən fərqi nədir?

- Sumqayıtda, həmçinin üç il Gəncədə oynamışam. Təki bütün regionlarımızda komanda olsun. Bölgə komandalarının sayının artmasını çox istəyərəm. Burada futbolu çox sevirlər. Bunu bir tərəfə qoyuram, futbolu məşqçi kimi "oxuyurlar". Bəzən azarkeşlər gəlib "semiçka"larını çırtlayıb gedirlər. Amma Tovuzda futbolla yaşayırlar, hətta oyunları təhlil edirlər.

- Deyəsən, bölgədə oynamaq sizin üçün daha rahatdır.

- Regionda oynamağın rahatlıqları çoxdur. İnsanların futbola sevgisi bir başqadır. Paytaxtda "Bakı"nın, "Qarabağ"ın, "Keşlə"nin formasını geyinmişəm. Amma regionda hər şey tam başqadır. Bəzən matçımız cümə gününə düşəndə azarkeş sayı bir qədər az olur. çünki oyun günorta saatlarında keçirilir, çatdıra bilmirlər. İnanıram ki, şənbə-bazar günlərinə düşsə, daha çox azarkeş gələr.

- Karyeranızın əvvələrində "Bakı" və "Qarabağ"da oynadıqdan sonra eniş yaşadınız. Bunun səbəbi nə idi?

- "Qarabağ"da bir il oynadıqdan sonra icarə əsasında getmək istədim, Gəncəyə üz tutdum. Bəzən zədələrlə üzləşdim, ondan sonra bərpa olunmaqda çətinlik çəkdim. Elə iki dəfə ayağım sındı. "Sumqayıt"da pik nöqtəyə çatmışdım ki, ayağım sındı. üç dəfə çiynim çıxıb, diz bağlarımda dartılmalar olub. Futbolçu üçün zədə qaçılmazdır. Ancaq bəzi zədələr adamı geri salır. Bəlkə başqa cür olardı, karyeramı bitirə bilərdim. Əsas odu ki, toplarlanıb qayıda bildim, heç vaxt da həvəsdən düşmədim.

- Hətta Azərbaycan millisinə də çağırılırdınız. Yenidən yüksəlişə keçmək və yığmaya dəvət almaq perspektivini necə görürsünüz?

- Hər bir futbolçu millidə oynamaq, qürurla o formanı geyinmək istəyər. Düzdü, son zamanlar dəvət almıram. Mənim işim müntəzəm oynamaq, formada qalmaqdı. Millinin məşqçiləri oyunları izləyirlər. Dəvət olarsa, canla-başla gedərəm. çağırılmasam da, ora düşmək üçün daha çox çalışaram.

- Sabiq komandanız "Qarabağ"ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?

- "Qarabağ" Azərbaycanı ən yaxşı şəkildə tanıtdıran komandadı. Son oyunlarını izləyəndə hər kəsdən çox üzülmüşdüm. Amma hələ heç nə itməyib. İnanıram ki, "Frayburq"a qalib gələrək mərhələ adlayarlar. "Qarabağ" qürur mənbəyimizdi, Azərbaycanın adını yüksək səviyyədə tanıtdırır. Bir qarabağlı olaraq adımızı dünyada tanıtdırdıqları üçün onlara təşəkkür edirəm.

- Bəs millimizin AVRO-2024-də Belçika, Avstriya, İsveç, Estoniya qarşısında şansını necə görürsünüz?

- 5 komandalı qrup çətindi, üstəlik, rəqiblər də güclüdü. Kimin dəvət olunmasından asılı olmayaraq, ümid edirəm ki, yığmamız uğurlu çıxış edər.

- Sizcə, Canni de Byazinin postunda qalması gələcəyə nikbin baxmağa əsas verir, yoxsa onun nəticələrini istənilən yerli məşqçi də bacarar?

- De Byazi artıq iki ildir buradadı. Onun vaxtında dəvət də almışam. çılğındı, o da uğur qazanmaq istəyir. Baş məşqçi ilə bağlı qərarı AFFA verir. Təki millimizə xeyir versin.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest