05 Noyabr 2022, 14:57
MPL
Misli Premyer Liqasının XIII turunda "Turan Tovuz" evdə "Şamaxı"ya 1:3 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, qarşılaşmanın ardından qonaqların kapitanı Elvin Məmmədov oyun barədə jurnalistlərin suallarını cavablandırıb
- Tovuza "Şamaxı"nın kapitanı kimi gəlmək necə bir hissdir?
- Biz futbolçuyuq. Bundan öncə başqa klublarda da kapitanlıq etmişəm. Buna normal baxıram. Ancaq bir tovuzlu kimi deyim ki, belə azarkeşin önündə oynamaq adama ləzzət edir. Əvəzlənəndə də azarkeşlərin reaksiyasını görüb fəxr edirdim ki, onların simpatiyasını qazanmışam.
- Meydana çıxanda düşündünmü ki, kaş öz yerlilələrinin, azarkeşlərinin qarşısında rəqib kimi oynamayaydın?
- Xeyr, belə şey olmayıb. Bu gün mən "Şamaxı"da çıxış edirəm, oradan maaş alıram. Ona görə də belə fikir olmayıb. Bu həm də bizim işimizdir.
- Nəhayət ki, "Şamaxı" ilk qələbəsini qazandı…
- Həqiqətən çox sevinirəm. Oyunlar var idi ki, yaxşı olsaq da, qələbə heç cür gəlmirdi. Ancaq bu səfər bunu bacardıq. Olduqca sevincliyəm. ümid edirəm ki, ilk üç xalımızdan sonra komandaya güvən gələcək.
- Bəzi azarkeşlər sənə söz atırdılar. Buna münasibətin necədi?
- Normal baxıram. Hər halda komandaları uduzursa, narazılıqları başa düşüləndir. Ancaq açığı, mən nəsə dediklərini eşitmədim. Əgər olubsa da, normal baxıram.
- Karyeranı "Turan Tovuz"da bitirmək istəyərsən?
- Bunu zaman göstərəcək. Bizim daha öncə "Turan Tovuz"la danışıqlarımız olmuşdu. Ancaq alınmadı. Belə baxanda, niyə də olmasın? Əsas odur ki, bura futbol qayıdıb, inkişaf var, azarkeşlər stadiona gəlir. Canlanma hiss olunur.
- Sonuncu dəfə bu meydanda oynadığın görüşü xatırlayırsan?
- Səhv etmirəmsə, qazonun ot vaxtı idi. Düzdür, biz Şamaxıda süni örtüyə öyrənmişik, elə burada da eyni şeydi. Ancaq etiraf edək ki, Tovuzda çox şey dəyişib, düzəlib. Hər şey çox yaxşıdı.
- Bəzi matçlarda təcrübəli futbolçu kimi oyunçuları danlayırsan. Xüsusilə də Kamran Quliyevi. Belə deyək, nəsə sözünüzə baxmırlar, yoxsa başqa problemlər olur?
- Bəzən mən də aqressiv oluram. Elə epizodlar olur ki, onlara reaksiya verməmək mümkün deyil. Bu görüşdə də ola bilər. Həmişə deyirəm ki, meydanda olan meydanda qaldı. Kənarda yoldaşıq, dostuq. Onlar da sağ olsunlar, hörmətimi saxlayırlar. Sadəcə, istəyirəm ki, daha yaxşı olsunlar, inkişaf etsinlər.