"Bu gün çox yaxşı oynadıq. Qolu erkən vurmağımız bizim üçün önəmli idi. Ardından ikinci qol da gəldi. Bundan sonra isə daha yaxşı oynamağa başlayaraq, görüşün taleyini həll etdik". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin hücumçusu Canluka Sansone deyib.

Topaz Premyer Liqasının XIX turunda "Sabah"ı qəbul edən "ağ-qaralar" 3:0 hesablı qələbə qazanıb. "Neftçi"nin heyətində ilk qolunu vuran italiyalı forvard qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün ilk qolunuzu vurdunuz. Bu barədə nə deyə bilirsiniz?

- Bu mənim üçün çox vacib idi. Ancaq daha vacib olan nəticədi. Yekun həm özüm, həm də komandam adına yaxşı oldu. Məni ən çox sevindirən budu.

- "Səbail"ə məğlubiyyətin ardından bu gün daha yaxşı təsir bağışladınız. Bir həftədə nə dəyişdi?

- Sizinlə razı deyiləm. Deməzdim ki, ötən həftədəki oyunla bu görüş arasında böyük fərq var. Sadəcə, bu gün əlimizə düşən imkanlardan istifadə edə bildik. ötən turda bunu bacarmamışdıq. Məncə, bir məğlubiyyət arxaya addım kimi qiymətləndirilməməlidi.

- Meydana start heyətində çıxsanız da, ikinci hissədə əvəzlənirsiniz. Bu nə ilə bağlıdı: fiziki cəhətdən hazır deyilsiniz?

- Komanda 11 nəfərdən ibarət deyil. Ehtiyatda da oyunçular var. Hər bir futbolçu meydana çıxmağa layiqdi. Onlara da şans verilməlidi. O ki qaldı mənim əvəzlənməyimə, bu artıq baş məşqçinin qərarıdı. Kimin oynamasına, nə vaxt çıxmasına o qərar verir.

- Mövsümü neçə qolla başa vurmaq istəyirsiniz?

- Mən istəyirəm ki, biz qalib gələk.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest