Futbol üzrə Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atmaqla rekordu təkrarlayıb. Matc.az xəbər verir ki, 27 yaşlı qolkiper Qətərdə keçirilən mundialın 1/4 final mərhələsində Braziliya ilə görüşdə rəqibin bir zərbəsini dəf edib.
 
Əsas vaxtı heç-heçə (1:1) bitən qarşılaşmanın penaltilər seriyasında komandasının 4:2 hesablı qələbə qazanmasına Rodriqonun zərbəsini qaytarmaqla töhfə verən Livakoviç Dç-2022-də 4-cü belə uğuruna imza atıb. O, 1/8 finalda Yaponiya ilə oyunun penaltilər seriyasında da 3 seyv etmişdi.
 
Livakoviçə qədər Dç-1990-da argentinalı Serxio Qoykoçea, Dç-2018-də isə həmyerlisi Daniel Subaşiç penaltilər seriyaları zamanı 4 seyvlə yadda qalıblar.
 
Xatırladaq ki, Livakoviç Azərbaycan yığmasının yarımmüdafiəçi Mahir Emreli ilə birgə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest