"Azarkeşlər oyundan narazı ola bilərlər, haqlıdırlar. Neçə oyundur qalib gələ bilmirik. Amma qarşımıza qoyulan məqsəd var idi və mövsümün əvvəlindən deyirdik ki, səbirli olmalıyıq".
 
Matc.az saytı xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXIX turunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyun bardə danışarkən deyib.
 
çalışdırıcı qarşılaşmanın ardından mətbuat konfransında yerli azarkeşlərdən narazılığını dilə gətirib: "çempionatda 10 il çıxış edən klublar bu gün əziyyət çəkirlər. Bilmirəm, bizi ilk "üçlük"də görmək istəyirlər? Axtarışdayıq, komanda qururuq. ötən yayda bir ay ərzində kollektivi qurduq. Kənardan asan görünə bilər. Amma həmin bir ayda Nadir Nəbiyevlə çox əziyyət çəkdik, gecəmiz-gündüzümüz yox idi. Klubun büdcəsi də bilinmirdi. 9 ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Artıq bu problemləri geridə qoymuşuq. Bəlkə də, əlavə 1-2 oyunda qələbə qazanmasaydıq, digər komandalar kimi təzyiqdə çıxış edəcəkdik və qazanılan hər xala sevinəcəkdik. Digər dörd klubdan bir az rahatıq. ötən mövsüm avrokuboklarda çıxış edən komandaya gəlməmişəm ki, böyük təzyiq etsinlər. Dar gündə kömək eləməyə gəlmişik. 3-4 nəfər narazıdır, məktəbli uşaqları da yığırlar ora. Bunu yaraşdırmıram. Əsl tovuzlu azarkeşlər "Neftçi"yə məğlub olduğumuz görüşdə belə komandanı dəstəkləmişdilər. çempionatın gərgin dönəmidir və kubokda da həlledici mərhələlərdir. Belə bir anda baş verənlər mənə ağır gəlir. Ola bilsin ki, məni istəmirlər. Keçmiş komandamda da bir kəlməyə çıxmışam, heç bir problem yaratmamışam. İndi burada da rəhbərlik narazıdırsa, onlara verdiyim sözü yerinə yetirməsəm, əlbəttə ki, qalmayacağam. Tovuza gələndə 4-5-ci yerləri söz verməmişəm, demişəm ki, Premyer Liqada qalmağa çalışacağam. Təəssüf ki, Konfrans Liqasını bizdə çox sadələşdiriblər. Hər kəs düşünür ki, ora getməliyəm".
 
- Sizə qarşı bu kompaniya klub daxilindədir?
-  Xeyr, rəhbərlik buradadır. Komandaya ürək-dirək verdilər, sakitləşdirdilər. Bütün günü Tovuzdayıq, gəlib narazılıqlarını bildirsinlər, görək, nədən şikayətçidirlər. Evdə "Şamaxı"nı udmalıyıq, bunu mən də bilirəm. Amma "Şamaxı"nın "Qarabağ"la, "Sabah"la, "Neftçi" ilə matçına baxmaq lazımdır. Dünən heç kimin gözləmədiyi halda "Səbail" "Sabah"a qalib gəldi. İlk ilimizdə ölkə kubokunun yarımfinal həyəcanını yaşayacağıq. Nədən narazıdırlar? Deyirik ki, bölgələrə futbol gəlsin. Amma azarkeş də öz fikrində inkişaf etməlidir. İstefalarla, məşqçi dəyişiklikləri ilə nə əldə edəcəyik? Burada yapışıb qalmamışıq. Tez-tez məşqçi dəyişib uğur qazanan hansı komanda var? Mən görməmişəm. Oyun üslubumuza uyğun futbolçular axtarırıq. Sistemi oturtmağa vaxt lazımdır. Sabah şərait yaradılandan, geniş heyət yığandan, bahalı futbolçular gətirəndən sonra tələb başqa olacaq. Yeni sponsor gəlib, iş görür.
 
- "Şamaxı"nın baş məşqçisi bildirdi ki, "Turan Tovuz"a qarşı xüsusi hazırlaşmışdıq. Siz bugünkü matça necə hazırlaşmışdınız və nə alınmadı?
- Bizdə sürətli hücumlara çıxmaq alınmadı. çünki rəqib top itirəndən sonra kompakt şəkildə müdafiə olunur, bütün boşluqları bağlayırdı. Futbolçular individual keyfiyyətləri ortaya qoymalı idilər. Bunu az elədik. Birinci hissədə yaxşı qol imkanlarımız da oldu. Amma ikinci hissədə bunu edə bilmədik. Fərdi keyfiyyət ön plana çıxmalı idi. Bu bizdə çatmadı. "Qarabağ"a qarşı hər kəs müdafiə olunur. "Qarabağ" da heç vaxt bundan şikayətlənmir. Belə vəziyyətdə belə rəqibin müdafiəsini yara bilirlər. Futbolçuya qiyməti biz qoymuruq, özü qazanır.
 
- İki oyundur ki, oxşar qollar buraxırsınız...
- Bugünkü qolda top elə yerə getdi ki, qapıçıdan da heç nə gözləmək olmaz. Fuad Bayramovun bu cür asmaları olduğunu bilirdik. Sadəcə, imkan verdik. Elə bir top idi ki, onu heç kim sığortalaya bilməzdi.
 
- Əsas narazılıq ondan ibarətdir ki, tovuzlu futbolçulara çox şans vermirsiniz...
- Bilirəm kimlərdir, məktəbliləri də yığmaqda da yəqin ki, səy göstəriblər. Mənə maraqlıdır, hansı tovuzlu kənarda qalıb? Biz gənc oyunçular axtarırıq. Amma gənclərlə çıxıb sonuncu yeri tutsan, səni yenə qəbul etməyəcəklər. Deyəcəklər ki, oynatmazdın, Premyer Liqada qalmaq istəyirik. Biz də istəyirik ki, 1-2 ildən sonra tovuzlu uşaqlar üz çıxsın.
 
- Sizcə, Tovuz publikasına oyun, yoxsa nəticə lazımdır?
- Məncə, nə istədiklərini özləri də bilmirlər. Ən böyük problemimiz budur. Bizə bu gün Premyer Liqada möhkəmlənmək lazımdır. Sabah gücümüz olanda hücum da olacaq, baxımlı oyun da. Mövsümün sonudur, hər kəs nəticəyə köklənib. 
 
- 6 oyundur qələbə qazana bilməməyinizin səbəbi nədir?
- Elə oyunlar var idi ki, üstün oynasaq da, qalib gələ bilmədik. Məsələn, evdə "Sumqayıt"a məğlub olmağımız üzücü oldu. Bərabərə qaldığımız matçlar belə, çətin keçib. Tək bizdə uğursuz seriya olmur. Bəzən 4-5 iddialı klubla ardıcıl qarşılaşırsan, seriya başlayır. Bu gün də "Şamaxı"ya uduzmaq bizə çətin olardı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest