29 Aprel 2023, 22:00
MPL
"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 32-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"İlk yarıda biz əla, Avropa futbolu nümayiş etdirdik. Hücumlarımız çox oldu, əla qol vurduq. Yaxşı pressinq edirdik, yaxşı müdafiə olunurduq. Təəssüf ki, ikinci yarıda bunun davamını gətirə bilmədik. Meydanda eyni səviyyəli oyun getdi. Rəqibin qol epizodu yox idi. Amma üstünlük bizdəydi. çox şadam ki, bu gün önəmli üç xalı əldə etdik.
İkinci yarıdakı zəif oyunun nə ilə əlaqəli olduğunu bilmirəm. Emosiyasız şəkildə oyunu təhlil etdikdən sonra nəsə demək mümkündür. Ola bilər ki, rahatlaşdıq. Rəqib son vaxtlar çox yaxşı oynayır. Keyfiyyət barəsində də irəliyə addım atıblar. Bunları nəzərə almaq lazımdır.
Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə "öldürdülər". Hakim 90 dəqiqə ərzində bütün foulları əleyhimizə verdi. Siz sadəcə, mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. çempionatda hakimin "Sabah"ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir.
Futbolçularımla aqressiv danışmağıma gəlincə, mənim oyunçularımdır da, burada nə problem var ki? Onlarla necə lazımdırsa, danışa bilərəm. Evdə də xanımım və uşaqlarla sərt danışa bilərəm. Onu da burada müzakirə edək?
"Qarabağ"la xal fərqi azalsa da, çempionluq hədəfimiz yoxdur. Məqsəd avrokuboklara düşməkdir. Dörd oyunumuz qalıb, onları udmaq istəyirik. "Qarabağ" fantastik şəkildə xallar toplayır. Biz isə ikinci yeri tutmaq istəyirik. Birinci yeri tutmaq bizdən asılı deyil. "Qarabağ"la yeddi xallıq fərqimiz var".