04 May 2023, 15:33
MPL
Misli Premyer Liqasında sona 4 tur qalmış bombardirlik uğrunda mübarizə də qızışır. Matc.az saytının məlumatına görə, hazırda əsas yarış "Qarabağ"ın hücum tandemi arasında gedir.
Musa Qurbanlı 20 qolla siyahıya başçılıq etsə də, onun "Neftçi" ilə son görüşdə oynamamasından komanda yoldaşı Ramil Şeydayev məharətlə yararlanıb. "Neftçi" ilə qarşılaşmada 4 topdan birinin müəllifi olan forvard Premyer Liqadakı qollarının sayını 19-a çatdırıb.
Hazırda "Qarabağ"ın qolçularına çatmağa ən real namizəd "Sabah"ın üzvü Coy Lens Mikelsdi. Almaniyalının aktivində 17 top var.
Maraqlıdı ki, bu mövsüm Premyer Liqada birikdə 39 qol vuran "Qarabağ"ın tandemi məhsuldarlıq baxımından elitanın yarısından çoxunu – 6 komandanı qabaqlayır. Rəqiblərdən yalnız "Sabah", "Neftçi" və "Qəbələ" qol sayında millimizin tandemini üstələyir.
Turnir cədvəlinin sonları 6 pilləsində qərarlaşanlar isə təkcə Musa-Ramil tandemindən az qol vurub. Bu mövsüm "Zirə" 38, "Kəpəz" 31, "Turan Tovuz" 27, "Səbail" 26, "Şamaxı" 25, "Sumqayıt" isə 23 dəfə rəqiblərini məyus edə biliblər.
Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna 4 tur qalıb.