Misli Premyer Liqasının XXXIV turunda "Səbail"i 3:0 hesabı ilə məğlub edən "Qarabağ" sona iki tur qalmış 10-cu çempionluğunu rəsmiləşdirib. Matc.az xəbər verir ki, görüşün ardından Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çempionluqla bağlı düşüncələrini bölüşüb:

"çempionluq münasibətilə futbolçularımı təbrik edirəm. Bu mövsüm çox əziyyət çəkdilər. İlk gündən sıx qrafikdə oynasaq da, hər şey düşündüyümüz kimi alındı. Futbolçularım bu çempionluğu qeyd etməyə layiqdirlər. Azarkeşlərimizin sevinci, bizimlə birgə olması həmişə bizə güc verib".

- Bu çempionluğun əvvəlkilərdən nə kimi fərqi var?
- Hər çempionluq sanki daha vacib olur. çünki tələblər çox olur. Hər dəfə çempion olanda növbəti mövsümdə də səndən bunu gözləyirlər. Rəqiblər isə daha ciddi hazırlaşırlar. Bu mövsüm də xeyli sayda çətin oyunumuz oldu. Sonuncu çempionluq həmişə daha şirin və vacib olur. Bəzən hansısa titulu əldə etdikdə sanki bir az rahat nəfəs almağı düşünürsən. Amma bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur.

- "Qarabağ" 10-cu çempionluqla yeni rekorda imza atdı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşür. Bizim dönəmimizdə bunun baş verməsinə sevinirəm. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.

- Son iki turda daha az şans qazanan futbolçuları oynatmağı düşünmürsünüz?
- Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Rotasiyalar olacaq, bu, qaçılmazdır. Əvəzedici heyətdən futbolçu götürmək fikrimiz yoxdur. çünki heyətimizdə yetərincə oyunçu var. Hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov bir az zədələnmişdi. Düzgün plan tutmağa çalışacağıq.

- 10 çempionluqdan 9-u sizin adınızla bağlıdır. Avropada yalnız Aleks Ferqyuson bu baxımdan rekordçudur. Onun uğurunu təkrarlamaq istərdiniz?
- Daha çox çempionluq əldə etmək istəyərdim. Bu işdə nə qədər olacağıqsa, hər turnirdən maksimum nəticə əldə etməyə çalışacağıq. Daha da irəli getməyi çox istərdik.

- Bu gün çempionluğu gətirən ilk qolu 13 nömrəli futbolçunuz vurdu. Sizin də uğurlu rəqəminiz 13-dür. Bunun sizin üçün hansısa önəmi varmı?
- Həm də mayın 13-dür (gülür). ümumiyyətlə, rəqəmlərdə uğur axtarmıram. İstər-istəməz insanın xırda elementə daha çox marağı olur. Ayın 13-də doğulmuşam. Bəlkə də, buna görə həmin rəqəmə meyilliyəm. Amma 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq qeyd etmişik. Nömrəyə yox, Bəhlul Mustafazadəyə görə sevinirəm. Belə vacib oyunda qol vurmaq futbolçunun inamını daha da artırır.

- Adama Diakabi və Yassin Benzia avrokuboklar başlayana qədər tam hazır ola biləcəklər?
- Düşüncəmizə görə, bu gün hər ikisi ideal formada olmalıydı. Futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Məsələn, Abbas Hüseynov komandada fiziki göstəricilərdə ən üstün oyunçularımızdan biridir. Ancaq qış hazırlığında çox sadə epizodda zədə aldı. Buna görə suala dəqiq cavab verməyə ehtiyat edirəm. Benziada hansısa problem olacağına inanmıram. Diakabinin zədəsi sümük nahiyəsindədir. Onun dönüşü uzun çəkə bilər. Hazırlıq dönəmində komandanın tam heyətlə olmasına çalışacağıq.

- Kimləri transfer edəcəyiniz və kimlərlə yolları ayıracağınızı müəyyənləşdirmisiniz?
- Hansısa oyunçunun gedəcəyi barədə hələ düşünməmişəm. Həmişə əlimizdəki oyunçuların qalmasını istəmişəm. Qarşılıqlı razılaşma olmadıqda hansısa qərar veririk. Yeni gələcək oyunçularla danışıqlar davam edir. Bəzən yüz faiz anlaşdığımız oyunçunun keçidi son anda alınmır. Transfer məsələsinə bundan sonra daha ciddi baxacağıq. çox istərdim ki, kollektivimiz tam qalsın və bir neçə oyunçunu da bura əlavə edək.
 
- Bu gün keçirilən "Sabah" - "Beşiktaş" oyunundan sonra Türkiyə klubunun baş məşqçisi Şenol Güneş "Qarabağ"ın avrokuboklardakı uğurlarından danışdı, sizinlə ünsiyyətdə olduğunu bildirdi. Azərbaycan çempionu olmağınız da artıq adiləşib. ölkə xaricində çalışmaq barədə düşünürsünüzmü?
- Təəssüf ki, "Sabah" - "Beşiktaş" oyununda iştirak edə bilmədim. Orada olmağı çox istərdim. İlk 15-17 dəqiqəni izlədim. "Sabah" 2:0 hesabı ilə öndə idi. çox maraqlı oyun gedirdi və gözəl atmosfer var idi. Şenol Güneşlə görüşməyi çox istərdim. Onunla münasibətlərimiz çox yaxşıdır. Amma "Səbail"lə matç çox vacib idi. çünki çempionluq oyunu idi. Bugünkü performansına görə "Sabah"ı təbrik edirəm və belə oyun təşkil etdiyi üçün rəhbərliyinə təşəkkür edirəm. Bu, klubun daha da böyüməsinə gətirib çıxarır. O ki qaldı xaricə getməyə, hazırda buradayam. Həyatın işini bilmək olmaz. "Qarabağ"a sadiqəm, bu komandanın uğurlarının daha çox olmasını istəyirəm. Hazırda xaricə getmək düşüncəm yoxdur. Gələcəkdə necə olacağını bilmirəm.

- Sizcə, Premyer Liqada bir komandanın elitanı tərk etməsi daha yaxşı olar, yoxsa iştirakçı sayının artması?
- Bu suala cavab vermək çox asandı. Reqalamentə görə bir komanda getməli, digəri gəlməlidir. Başqa hansısa fikir bildirməyə ehtiyac yoxdur. ümumiyyətlə, belə məsələlərə oturduğumuz yerdə fikir bildirməyimiz doğru olmaz. Müzakirə olunmalı məsələdir. Mənim nəsə deməyim nəyisə dəyişməyəcək. Reqlamentə uyğun addım atılacaqsa, cavab bəllidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest