“Real”ın hücumçusu Rodriqo 2016-cı ildə Pep Qvardiolanın “Mançester Siti”yə qoşulmasından bəri Çempionlar Liqası (ÇL) oyunlarında İngiltərə klubunun qapısına 4 qol vurub. Matc.az xəbər verir ki, 23 yaşlı forvard son olaraq dünən turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmasında bunu reallaşdırıb.

Maraqlıdı ki, son 8 ildə yalnız Lionel Messi “şəhərlilər”i braziliyalıdan daha çox cəzalandırıb. Argentinalı superulduz bu müddətdə İngiltərə nəhəngini qapısına 5 dəfə yol tapıb. Kərim Benzema, Maksvel Kornet və Mussa Dembele də “Mançester Siti”yə 4 qol vurub.

Bu, həm də Rodriqonun ÇL-də 20-ci qolu olub. O, avrokuboklarda 20 qol həddinə çatan 9-cu “Real”lı olub. Daha əvvəl Amansio, Santilyano (hər ikisi 21 qol), Fransisko Gento (31), Ferens Puşkaş (35), Alfredo Di Stefano (49), Raul Qonzales (66), Kərim Benzema (78) və Kriştiano Ronaldo (105) “kral klubu”nun forması altında bunu bacarıblar.

Rodriqo “Real”ın heyətində cari mövsüm 44 oyunda 17 qol vurub, 8 məhsuldar ötürmə verib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında daha dəqiq oynayan “Real” yarımfinala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest