Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Vidadi Rzayevin matc.az saytına müsahibəsi
- “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Lion”a 1:4 hesablı məğlubiyyəti haqda nə deyə bilərsiniz? Sizcə, hesab oyuna görə oldu?
- Birinci hissəyə əsasən, heç kim “Qarabağ”dan böyükhesablı məğlubiyyət gözləmirdi. İlk yarıda “Lion”la başabaş futbol oynadılar. Fasiləyədək adam düşünürdü ki, oyun heç-heçə nəticələnəcək. Qarşılıqlı hücumlar görürdük. Sol cinahımız aktiv idi. Bu cinahda yer alan Toral Bayramov və Abdullah Zubirlə müqayisədə sağ cinahımız ilk hissədə passiv qaldı. Maraqlıdı ki, qollardan 3-nü rəqibin sol cinahımızdan qurduğu hücumdan sonra buraxdıq. Qurban Qurbanovun etdiyi əvəzetmələr düzgün idi. Çünki sağ cinahda qərarlaşan Marko Veşoviçlə Aleksey Kaşuk öz oyunlarını göstərə bilmədilər.
- “Qarabağ”ın heyətində hansı futbolçular bu görüşdə daha inamlı təsir bağışladılar?
- Həmişəki kimi, oyunun ən yaxşılarından biri Kevin Medina idi. Marko Yankoviç də inamlı təsir bağışladı. Zubir ilk hissə ilə müqayisədə ikinci hissədə zəif oynadı. İlk hissədəki oyuna əsasən, böyükhesablı məğlubiyyət adamın ağlından keçmirdi. Bununla belə, “Qarabağ”ın uduzacağı ilk yarıdan da görünürdü. Fasilədən sonra isə birinci hissədəki qədər effektli ola bilmədilər.
- “Qarabağ”ın bu qədər qol vəziyyətini qaçırması nə ilə bağlıdı? Kluba daha bahalı, ustalıq səviyyəsi yüksək futbolçular gətirməyin vaxtı çatmayıb?
- “Qarabağ”da bəxt və dəqiqlik çatışmadı. Birinci hissədə bir neçə epizodda şansları gətirmədi. İkinci hissədə isə bütün komponentlərdə “Lion”a məğlub oldular. Düzdü, komandamız qol vurmaq üçün böyük qüvvə ilə irəli atıldı. Onda da əks-hücumlardan qollar buraxdıq. “Qarabağ”da oynayanlar avrokuboklarda çoxlu oyun keçirmiş futbolçulardı. Sadəcə, çempionatımız rəqabətsizdi. Hamı bilir ki, “Qarabağ” yenə Premyer Liqamızın qalibi olacaq. Rəqabət yaranmalıdı. Əlbəttə ki, yaxşı oyunçular gətirilməlidi. Bunu Qurban müəllim bizdən yaxşı bilər. Komandanın içində olan şəxs odu, hansı mövqeyə futbolçular lazım olduğuna hamıdan yaxşı bələddi. Əlbəttə, bəzi mövqelərə səviyyəli futbolçular cəlb etsələr, o mövqelərdə də rəqabət yaranar. Qabağa getmək istəyirlərsə, əsasən yarımmüdafiə və hücum xəttindəki rəqabəti gücləndirməlidilər. Mən də düşünürəm ki, komandaya yeni, səviyyəli legionerlər lazımdı.
- Premyer Liqa oyunlarında inamlı təsir bağışlayan Aleksey Kaşuk niyə “Lion”la matçda heç nə ilə yadda qalmadı?
- Bəli, Premyer Liqada səviyyəsini göstərir, qollar vurur. Amma avrokuboklarda hələ o qədər də effektiv çıxış etmir. Kaşuk Veşoviçlə birlikdə ilk hissəni zəif keçirdiyi üçün Qurban Qurbanov ikinci hissənin əvvəlində yerində müdaxilə edərək, onları əvəzlədi. Sadəcə, onların yerinə meydana daxil olanlar da o effekti vermədilər. Oyuna yeni qoşulan futbolçu komandaya fayda verməlidi. Qurban müəllim çalışdı ki, o cinahları gücləndirsin. Təəssüf ki, alınmadı. Lakin əvəzetmələr yerində idi. Kaşuk çox passiv təsir bağışladı. Veşoviç “Qarabağ”da ən xoşladığım oyunçulardandı. Amma görünür ki, zədədən sonra o da özünə gəlməyib.
- Liqa mərhələsinin son 3 oyununda “Qarabağ”dan hansı nəticəni gözləyirsiniz? Sizcə, bu mərhələdə ikinci qələbəmizi qazanmaq bizə müəssər olacaq?
- Arzu edərdik ki, hər 3 oyunda qələbə qazansınlar. Hələ Liqa mərhələsi başlamamışdan qabaq demişdim ki, “Qarabağ” pley-offa çıxa bilməyəcək. Təbii ki, bir azərbaycanlı kimi çıxmasını istəyərdim. Amma bu, real görünmürdü. “Lion”la oyundan da qabaq demişdim ki, məğlub olacağıq. “Qarabağ”a qalan matçlarda uğurlar arzulayıram. Ancaq pley-offa çıxacaqlarını gözləmirəm.