"Çox şadam ki, bu gün bizə nəsib oldu. Düşmənin ziyan vurduğu yerləri gördük. Qısa zaman kəsiyində bu ərazilərdə böyük dəyişikliklərin və yeniliklərin şahidi olduq".

Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov komandasının Şuşa, Xankəndi, Ağdam və Füzuliyə səfəri ilə bağlı danışarkən deyib.

Mütəxəssis bərpa işlərində əməyi keçən hər kəsə təşəkkür edib: "Əvvəl Qarabağı görmədən sevirdim, indi isə görüb daha çox sevməyə başladım. Futbolçularımızın bir qismi işğaldan azad olunduqdan sonra bu torpaqları ziyarət etmişdilər, lakin bəziləri ilk dəfədir görürlər. Ümumi təəssüratları Bakıda müzakirə edəcəyik. Lakin buraya gəlmədən qabaq da oyunçulara müəyyən məlumatlar verilmişdi. Çox maraqla qarşıladılar.

Yeni qurulacaq "İmarət" stadionunu da gördük. Çox xoş oldu. Legionerlər də yaxşı bilirlər ki, buraya gəlmək onların borclarıdır. Qarabağ sakinlərinin yanında olmaq istəyirik. Düşünürəm ki, onlar üçün də maraqlı oldu.

Sevindirici məqamlardan biri də odur ki, burada azarkeşlərimizin bir çoxu ilə tanış olduq. Biz onlar üçün futbol oynayırıq. Çalışacağıq ki, qarşıdakı dönəmdə daha yaxşı nəticələr əldə edək. Hər zaman qeyd etdiyim kimi, məsuliyyətimiz günü-gündən artır".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest